ABŞ-ın hədəfində hansı dövlətdir? - Tural İrfan yazır
Siyasət
09:41
Vaxtilə dünyada iki güclü imperiya vardı: Roma və Sasanilər. İndi ABŞ və Rusiya kimi onlar da çəkişir, savaşırdılar. İkisi də çökdü.
İbn Xaldun yazır ki, imperiyaların, dövlətlərin də ömrü var. Onlar da insan teleyi kimi tale yaşayır, çiçəklənir, qocalır və ölür...
Hazırda Rusiya 105 yaşında cərrahiyyə əməliyyatı ilə özünə dördüncü ürəyi qoyduran milyarder qocaya bənzəyir. ABŞ hələ Rusiyanın dağılmasını istəmir. Çünki parçalansa Rusiyanın yerində yaranan dövlətlərin nüvə silahı əlinə keçə bilər ki, bu da ABŞ üçün daha böyük problemlər yaradar. Onsuz da Rusiya iqtisadi cəhətdən çökür. Eyni zamanda ABŞ Avropanı Rusiya təhdidinə qarşı təsir altında saxlayır, silah satır...
Hazırda ABŞ - nin əsas və real rəqibi Çindir. Tramp ona görə Çinlə bağlı mütəmadi mülahizələr, bəyanatlar səsləndirir və onun əsas platformalarından biri də məhz Çinlə bağlıdır.
Rusiyanın artıq bölgədə təsiri, region dövlətlərinə təzyiq gücü də zəifləyir. Ara-sıra daxildə də siyasi gərginlik, çevriliş cəhdləri xəbərləri ilə müşayiət olunur.
İmperialist ritorikasından əl çəkməyən Rusiya ayaqları çürümüş masa kimi səndələyir. Gürcüstan və Ukrayna ilə münasibətlər və Rusiya təsirinin əvvəlki rolu yenidən bərpa oluna bilməz. Ermənistanın da Qərbə meyl etməsi məlumdur. Azərbaycan ilə də təyyarənin vurulması fonunda gərginlik yaşanması, etiraf edilib səbəblərin ortaya qoyulmaması Rusiyanın taleyində ciddi dəyişikliklərə gətirəcək.
Bu davamiyyətlə Türkiyə ilə də münasibətlərdə də fərq özünü göstərə bilər. Eyni zamanda Ukrayna müharibəsi Rusiyanın tükənmə nöqtəsinə qədər sürə bilər. Müharibənin uzanması Rusiyanın iqtisadi çöküşünü sürətlənirəcək və daxildə çaxnaşmalar, siyasi təlatümlər tədricən içəridən öz təsirini göstərəcək.