ABŞ prezidenti Donald Tramp Konqresin həftənin sonuna qədər hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsini razılaşdıra bilməyəcəyi ehtimalını istisna etməyib:
"Bu baş verə bilər. Demokratlar bunu istəyir. Onlar ölkəni məhv etmək istəyirlər".
Eyni zamanda Amerika lideri ümidvar olduğunu bildirib ki, hökumətin fəaliyyətinin qismən dayanmasının qarşısını almaq olar:
"Düşünürəm ki, qanun layihəsi qəbul olunacaq. Biz baxacağıq. Amma dayanma da mümkündür, Demokratlar nəzarətdən çıxıb".
Bundan əvvəl Konqresdəki Respublikaçılar sentyabrın 30-dək federal hökumətin müvəqqəti maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər. Sənəddə müdafiə xərclərinin təxminən 6 milyard dollar artırılması və müdafiə ilə bağlı olmayan dövlət proqramlarının maliyyələşdirilməsinin təxminən 13 milyard dollar azaldılması ilə bağlı müddəalar var.
Associated Press qeyd edir ki, respublikaçılar Konqresin aşağı palatasında yalnız minimal səs çoxluğuna malik olduqları üçün qanun layihəsinin səsverməsində çətinliklə üzləşəcəklər. Demokrat azlıqdan əlavə, bəzi respublikaçı qanunvericilərin sənədi təsdiqləməməsi riski var. Senatda bütün respublikaçılar “bəli” səs versə belə, maliyyələşdirməyə dair qanun layihəsini ən azı yeddi demokrat da dəstəkləməlidir.
Sənəd martın 14-də saat 23:59-a qədər (Bakı vaxtı ilə 15 mart 07:59) təsdiq edilməsə, hökumətin fəaliyyətinin qismən dayandırılması baş verəcək - bəzi dövlət idarələri və proqramları, yüz minlərlə dövlət qulluqçusunun maaşları müvəqqəti olaraq dayandırılacaq və onların bir çoxu ödənişsiz məzuniyyətə göndəriləcək.