Ukraynada gərgin döyüşlər davam edir. TASS-ın yaydığı məlumata görə, döyüşlər zamanı maraqlı hadisə baş verib. Təmir bölüyünün komandiri deyib ki, Rusiya Silahlı Qüvvələrinin "Cənub" Qoşun Qrupunun T-72B3M tankı qondarma "Donetsk Xalq Respublikası"nın Çasov Yar bölgəsində Ukrayna FPV pilotsuz təyyarələrinin 18 hücumuna tab gətirə bilib. Bu, əslində nadir hadisələrdən sayılır.
Onun sözlərinə görə, hərbi nəqliyyat vasitəsi tapşırığı yerinə yetirərkən qəflətən peyda olan Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparatların hücumuna məruz qalmağa başlayıb. Ümumilikdə Rusiya hərbçiləri ardıcıl 18 hücumu qeydə alıblar. Lakin rusların tankı sıradan çıxmayıb və texnika öz missiyasını yerinə yetirməyə davam edib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.