ABŞ-nin Respublikaçılar Partiyasından olan senatoru Lindsi Qrem diqqət çəkən fikirlər səsləndirib. Fox News-un yaydığı məlumata görə, o, Ukraynaya yardımın dayandırılmasından narahatlığını bildirib. Senator bəyan edib ki, əgər bu dəstək tamamilə dayandırılsa, Ukraynada vəziyyət Əfqanıstandakından da pis olacaq.
“Bəli, döyüşlər davam edərkən Ukraynaya kəşfiyyat və silah tədarükünün dayandırılmasından narahatam. Ukraynaya kömək etməyi dayandırsaq, bu, Əfqanıstandan da pis olacaq”, - Qrem deyib.
O, əminliyini ifadə edib ki, ABŞ prezidenti Donald Tramp hadisələrin bu cür inkişafına imkan vermək istəmir. Onun sözlərinə görə, tərəflər atəşkəslə bağlı razılığa gələnə qədər Ukrayna kəşfiyyat və silah yardımını davam etdirməlidir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.