Azərbaycan ali təhsil sistemində abituriyentlərin taleyini müəyyən edən ən vacib mərhələlərdən biri ixtisas seçimidir.
Artıq ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb.
Məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 88756 nəfər iştirak edib və onlardan 57236 nəfəri qəbul olunub. 31 520 nəfər isə tələbə adını qazana bilməyib.
Tələbə adını qazana bilməyənlər arasında 500-600 baldan yüksək nəticə göstərənlər də var.
Bu il IV qrup üzrə imtahan verən 9 nəfər, III qrup üzrə imtahan verən 1 nəfər 600-dən yuxarı bal toplasa da, ali təhsil müəssisələrinə qəbul ola bilməyiblər.
Maraqlıdır, bunun səbəbi nədir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, illərlə əziyyət çəkərək, yüksək nəticə göstərən abituriyentin 600-dən yuxarı bal toplasa da, universitetə qəbul oluna bilməməsi ilk baxışda paradoksal görünür.
Bunun təsadüfi olmadığını deyən K.Əsədovun sözlərinə görə, bu həm sistemdəki struktur problemlərin, həm də seçim prosesindəki peşəkarlıq çatışmazlığının nəticəsidir:
“Statistik məlumatlar göstərir ki, 2025/2026-cı tədris ili üçün 131 mindən çox abituriyent ixtisas seçimi edib, onlardan 600-dən yuxarı bal toplayanların sayı ümumilikdə 4 minə yaxın olub. Lakin azı 10 nəfər ali məktəbə qəbul oluna bilməyib. Bu fakt göstərir ki, balın yüksəkliyi təkbaşına zəmanət deyil. Seçim siyasəti və dövlətin planlaşdırma mexanizmləri burada həlledici rol oynayır”.
Kamran Əsədov: "Abituriyentin 600 bal toplaması dövlət üçün qiymətli resursdur"
Ekspert nəzərə çatdırıb ki, “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsinə görə dövlət kadr hazırlığını əmək bazarının tələblərinə uyğun planlaşdırmalı, qəbul prosesində şəffaflıq və əlçatanlıq təmin edilməlidir.
Tibbi ixtisaslarda yerlərin sayının məhdud olduğunu deyən müsahibimiz əlavə edib ki, məsələn, “Müalicə işi” üzrə 1200, “Stomatologiya” üzrə 250 yer ayrılıb, halbuki yalnız bu iki ixtisas üzrə müraciətlərin sayı 25 minə yaxın olub:
“Nəticədə keçid balları 650-yə qədər yüksəlib. Deməli, 610–620 bal toplayan abituriyent uğurlu nəticə göstərsə də, plan yerlərinin azlığı və seçimin dar aparılması üzündən qəbul ola bilmir. Bu, həmçinin abituriyentlərin seçim davranışında peşəkarlıq boşluqlarını üzə çıxarır”.
K.Əsədov ölkədə yüksək nəticə göstərən abituriyentlərin sayının ildən-ilə artmasının müsbət hal olduğunu söyləyib və bildirib ki, bu, orta məktəblərdə və hazırlıq sistemində müəyyən inkişafın göstəricisidir:
“Abituriyentin 600 bal toplaması dövlət üçün qiymətli resursdur, bu potensial itirilməməlidir. Hər bir gənc ölkənin intellektual kapitalıdır və dövlət onların gələcəyinə biganə qala bilməz. Bu vəziyyətin dəyişməsi üçün Elm və Təhsil Nazirliyi uzunmüddətli proqnoz hazırlamalı, plan yerlərini əmək bazarına və marağa uyğun artırmalı, DİM isə abituriyentlərə seçim zamanı riskləri izah edən, alternativ yolları göstərən maarifləndirici bələdçilər təqdim etməlidir”.