1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən dəhşətli soyqırımlarından biri həyata keçirilib. Bu soyqırımın törədilməsində əsas məqsəd xalqımızın Azərbaycanın muxtariyyəti və müstəqilliyi uğrunda apardığı mübarizəyə divan tutmaq, bu prosesin qarşısını almaq və Azərbaycan torpaqlarına yiyələnməkdən ibarət olub. Bu məqsəd uğrunda Bakıda fəaliyyət göstərən bütün rus və erməni siyasi partiya və təşkilatları azərbaycanlılara qarşı vahid cəbhədə birləşiblər. Məhz rus-erməni əməkdaşlığı ilə 1918-ci ildə azərbaycanlıların soyqırımı həyata keçirilib.
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən
soyqırımı cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən
1918-ci il iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən
aydın olur ki, Bakıda törədiləcək soyqırımın planı hələ 1917-ci ildə
“Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanıb.1918-ci ilin mart soyqırımı
zamanı 30 mart – 2 aprel tarixlərində 3 gün ərzində təkcə Bakıda 12000 azərbaycanlı
öldürülüb, Bakının müsəlman əhalisinə 1918-ci
ilin mart qiymətləri ilə 400 mln. rubl, 1918-ci ilin son rübünün qiymətləri ilə
isə 1,2 mlrd. rubl maddi ziyan vurulub.Fövqəladə Təhqiqat Komissiyasının apardığı təhqiqat və
istintaqla tam sübuta yetirilib ki, azərbaycanlılar qadın, qoca, uşaq fərqi
qoyulmadan sırf irqi, milli və dini əlamətlərinə görə kütləvi şəkildə qətlə
yetirilib və əhalinin əmlakı talan edilib. Eyni zamanda, insanlar əzab və işgəncə
ilə qətlə yetirilib, öldürüldükdən sonra isə onların meyitləri üzərində iyrənc
zorakılıq aktları törədilib, insan cəsədləri üzərində olmazın təhqiramiz hərəkətlər
edilib. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin
erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədildiyini təsdiq edən yüzlərlə
sənəd mövcuddur.
Daşnak-bolşevik
alyansı azərbaycanlılara qarşı 1918-ci ilin martında Bakıda başladığı soyqırımı
cinayətlərini Bakı quberniyasının digər qəzalarında, eyni zamanda Gəncə və İrəvan
quberniyaları ərazisində davam etdirib. 1918-ci ildə
ermənilərin törətdiyi soyqırımlar zamanı ümumilikdə Bakı quberniyası üzrə 41300
nəfər, Gəncə quberniyası üzrə 11768 nəfər, İrəvan quberniyası üzrə isə 75640 nəfər
azərbaycanlı məhv edilib.
1918-ci ildə
daşnak-bolşevik alyansının törətdiyi soyqırımlar zamanı bütövlükdə Azərbaycan
üzrə 20-dək şəhər və qəza mərkəzi, 950 kənd, o cümlədən Bakı quberniyasında
367, Gəncə quberniyasında 276, İrəvan quberniyasında 307 kənd talan
edilib, dağıdılıb və yandırılıb. Bütövlükdə Azərbaycan üzrə 128708 nəfər azərbaycanlı
bu soyqırımların qurbanı olub, o cümlədən 126078 nəfər öldürülüb, 2630 nəfər
ağır bədən xəsarəti alaraq şikəst edilib. Yüz minlərlə insan qaçqın və məcburi
köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanlı əhalinin əmlakına 1918-ci
ilin qiymətləri ilə 6,7 mlrd. rubl maddi ziyan vurulub.
Onu
da qeyd edək ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi
soyqırımların bütün Azərbaycan üzrə nəticələrinin bir xeyli hissəsi aparılan təhqiqatlardan
kənarda qalıb. Onları da nəzərə alsaq, o zaman 1918-ci il soyqırımları zamanı
Azərbaycanın məruz qaldığı itki və tələfatların miqyasının daha böyük olduğu
şübhə doğurmur.
Azərbaycanlılara
qarşı törədilən soyqırımları araşdıran Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat
və istintaq materialları sübut edir ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara
qarşı törətdiyi kütləvi qırğınlar XX əsrdə törədilən ən qatı soyqırımı cinayətidir.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinin mövcudluğu onu deməyə əsas verir
ki, Azərbaycan tərəfinin ermənilərin ötən əsrin əvvəlində törətdiyi soyqırımlar
haqqında bəyanatları mücərrəd xarakter daşımır, gerçək tarixi faktlara söykənir.
Başqa sözlə desək, azərbaycanlıların soyqırımı faktı təhqiqat və istintaq
materialları, ekspertiza protokolları və şahid ifadələri ilə tam sübuta
yetirilir.
1919
və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Cümhuriyyəti tərəfindən
ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da Ulu Öndər Heydər
Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərmanla xalqımıza
qarşı törədilən 1918-ci il soyqırımlarına siyasi qiymət verib və martın 31-ni
“Azərbaycanlıların Soyqırımı Günü” elan edib.
2007-ci ilin aprelində Qubada aşkar olunan kütləvi məzarlıqda
tapılan 500-dək insan kəlləsinin 50-dən çoxunun
uşaqlara, 100-dən çoxunun qadınlara aid olduğu və onların 1918-ci ildə ermənilərin
Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirilib. Quba soyqırımı
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı
ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması qərarlaşdırıldı.
Prezident İlham Əliyev 2013-cü il sentyabrın 18-də Quba şəhərində Qudyalçayın
sol sahilində inşa edilmiş memorial kompleksin açılışını etdi.
1918-ci
ildə azərbaycanlılara qarşı törədilən soyqırımların təhqiqat sənədlərindən
anlaşılan miqyası onu deməyə əsas verir ki, Qubada aşkar edilən kütləvi məzarlıq
kimi məzarlıqlar Azərbaycanın bütün bölgələrində var və onların sayı yüzlərlədir.
Bütün bunların araşdırılıb ortaya çıxarılması və dünya ictimaiyyətinə təqdim
edilməsi vacibdir. Ümid edirəm ki, bu istiqamətdə araşdırmalar davam etdiriləcək.
Hesab edirəm ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, o cümlədən 1918-ci il soyqırımları beynəlxalq müstəvidə tanıdılmalı və ona hüquqi qiymət verilməsi məsələsi həll edilməlidir. Beynəlxalq hüquq sistemində cəzasızlıq mühitinin yaradılmasına heç bir halda yol verilməməlidir. İndiyə qədər olan cəzasızlıq mühiti yeni presedentlər yaradıb və ermənilərin xalqımıza qarşı növbəti diskriminasiya, deportasiya, terror, qətl, qırğın və Xocalı soyqırımı kimi cinayətlərin törədilməsinə stimul verib. Xalqımıza qarşı törədilən bu cür cinayətlərin presedent olmaması üçün bu cinayətləri törədənlər və onların cavabdeh varisləri mühakimə edilməli və cəzalandırılmalıdır. Bu, həm də ədalətin təmin edilməsi üçün vacibdir. Dünya ictimaiyyəti indiyə qədər ona “soyqırıma məruz qalan məzlum xalq” kimi sırınan ermənilərin əslində soyqırıma məruz qalan deyil, türk-müsəlmanlara, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törədən canilər olduğunu bilməli və onların əsl simasını tanımalıdır.
Vasif
Qafarov, Milli Məclisin deputatı, tarix elmləri doktoru