Gürcüstanda vətənə xəyanət və sabotajda ittiham olunan müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Giorgi Baramidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
News365.az xəbər verir ki, qərarı Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun vəsatəti əsasında qəbul edib.
Müxalifətçi ona qarşı sürülən ittihamı absurd və ağlasığmaz adlandırıb.
Qeyd edək ki, Giorgi Baramidze ötən gün evində saxlanılıb. O, iyul ayında televiziya proqramında Abxaziya müharibəsində gürcü hərbçilərin əsir götürməyərək onları yerindəcə güllələdiklərini deyib. Gürcüstanın Baş Prokurorluğundan bildirilib ki, siyasətçi bu fikirləri ilə faktiki olaraq Gürcüstan ordusunu ağır hərbi cinayətlər törətməkdə və beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib, dövlət və milli maraqlara xələl gətirib.
Giorgi Baramidzenin günahının sübuta yetiriləcəyi təqdirdə onu 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, Giorgi Baramidze Mixeil Saakaşvilinin prezidentliyi dövründə tanınmış siyasətçilərdən olub. O, 2003-2004-cü illərdə daxili işlər, 2004-cü ildə isə müdafiə naziri vəzifələrində çalışıb. Daha sonra o, Avropa və avrointeqrasiya məsələləri üzrə dövlət naziri, 2006-2012-ci illərdə isə Gürcüstan baş nazirinin müavini postlarını tutub. “Gürcü Arzusu” partiyasının hakimiyyətə gəlməsindən sonra siyasi fəaliyyətini müxalifətdə davam etdirib, 2012-2016-cı illərdə Gürcüstan parlamentinin deputatı olub.