VÖEN-i olan, lakin faktiki heç bir gəlir əldə etməyən şəxslərə vergi orqanları tərəfindən cərimə tətbiq edilməsi bəzən müzakirələrə yol açır.
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, belə hallarda vətəndaşın hüquqlarını müdafiə etmək üçün qanuni mexanizmlər mövcuddur.
Hüquqşünasın sözlərinə görə, vergi orqanı tərəfindən tətbiq edilən istənilən sanksiya adətən səyyar və ya kameral vergi yoxlamasının nəticəsi olaraq rəsmiləşdirilir.
Əgər vətəndaşın real fəaliyyəti və gəliri olmayıbsa, o, bu qərardan məhkəməyə müraciət edir:
“Vətəndaş çox rahat şəkildə məhkəməyə müraciət ünvanlayaraq, fəaliyyətinin olmadığına dair sübutları təqdim etməklə yazılmış cərimənin ləğvini tələb edə bilər. Eyni zamanda, vergi orqanının qanunsuz hərəkətləri nəticəsində ona dəymiş zərərin ödənilməsi üçün də iddia qaldırmaq hüququ var”.
Ramil Süleymanov xüsusilə bank hesablarına tətbiq olunan məhdudiyyətlərə diqqət çəkərək qeyd edib ki, bəzi hallarda məhkəmə vergi orqanının qərarını yanlış hesab etsə belə, artıq bloklanmış vəsait geri qaytarılmır:
“Vergi orqanı tərəfindən bank hesabına tətbiq edilən sərəncam sonradan məhkəmə qərarı ilə səhv sayılsa belə, vergi ödəyicisinin hesabına qoyulan məhdudiyyət nəticəsində bloklanan məbləğ geri qaytarılmır. Bildirilir ki, bu vəsait gələcək vergi ödənişləri ilə əvəzlənəcək. Bu isə qanunvericiliyə ziddir və vətəndaşın mülkiyyət hüququnun pozulması deməkdir”.
Hüquqşünasın fikrincə, VÖEN-in mövcudluğu avtomatik olaraq cərimə üçün əsas yaratmır və gəliri olmayan şəxslər vergi orqanlarının qərarlarından çəkinmədən hüquqi müstəvidə şikayət verə bilərlər./// KONKRET.az