Kanada vətəndaşlarının Azərbaycan vasitəsilə İrandan təxliyəsi müzakirə edilib

Kanada vətəndaşlarının Azərbaycan vasitəsilə İrandan təxliyəsi müzakirə edilib
19:41

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən News365.az-a bildirilib ki, telefon danışığı zamanı bölgəmizdə müşahidə olunan hərbi eskalasiya və artan təhlükəsizlik riskləri ilə bağlı dərin narahatlıq ifadə olunub.

Mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi vurğulanıb.

Nazir Anita Anand keçən ilin iyun ayında hərbi eskalasiya zamanı İranda olan Kanada vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Həmin dövrdə göstərilmiş operativ və humanitar dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.

Mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq, zərurət yarandığı təqdirdə Kanada vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Azərbaycan sərhədindən istifadəsi ilə bağlı mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.


Sizin reklam burada
Sizin reklam burada