Vaqif Səmədoğlunun xanımı: Bəziləri Səməd Vurğunu indi də rahat buraxmır - MÜSAHİBƏ

Vaqif Səmədoğlunun xanımı: Bəziləri Səməd Vurğunu indi də rahat buraxmır - MÜSAHİBƏ
17 Fev 2025 10:15

“Düzünə qalsa” rubrikamızın qonağı Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri, fəlsəfə doktoru, V.Səmədoğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilovadır.

News365.az onunla səmimi söhbəti təqdim edir.

Bütün bunları Vaqif Səmədoğlunun icazəsini almadan həyata keçirdim

- Vaqif Səmədoğlunun vəfatından 10 il ötür. Bilirik ki, Vaqif müəllim sizə şeirlər ithaf edib, o şeirlərində sizi vəsf edib. Vaqif müəllimsiz həyat necədi, darıxırsınızmı?

- Əvvəllər yaşantım çətin idi, amma Səməd Vurğun Muzeyinə rəhbər təyin olunmağım mənim xilasım oldu. Burada Vaqif müəllim, eləcə də Yusif müəllimin ekspozisiyalarını yaratdım. Onların büstləri qoyuldu. Eyni zamanda Səməd Vurğunun “Vaqif” əsərindən Şah Qaçar və Molla Pənah Vaqifin bir metrlik heykəlləri, Yusif müəllimin “Qətl günü” romanının qəhrəmanına bir metrlik heykəl, sonra Vaqif müəllimin “Bəxt üzüyü” əsərindən Moşu və Söylü obrazlarına bir metrlik heykəllər qoyuldu. “60-cılar ekspozisiyası” yaratdım. Əlbəttə, Qazaxda da onların guşələri təşkil edildi. Düşünürdüm ki, bu guşələr mütləq olmalıdır.

Təbii ki, Vaqif müəllimin işıq üzü görməyən şeirləri- “Sandıq şeirləri” çap olundu. O, həyatda olanda adətən həmişə özü ilə məsləhətləşib nəyisə edirdim. İndi şeirlərini yayda yığdım, özü rəhmətə gedəndən sonra kitab halında çap etdirdim. Onun çap olunmamış pritsalarının əlyazmasını “Dürzəçöl” adı altında nəşr etdirdim. Onların çapını Vaqif müəllimsiz, onun icazəsini almadan həyata keçirdim. Ön sözü də özüm yazdım və orada da üzr istədim ki, səndən xəbərsiz, sənin xeyir-duanı almadan bu işləri gördüm.

Vaqif müəllimin doğum və vəfat günlərində tədbirlər həyata keçiririk. Vaqif Səmədoğlu Mərkəzi yaradıldı, medal təsis edildi. Vaqif Səmədoğlu poeziya teatrı yaradıldı, onun çəkdiyi fotoları yığdım, məşhur fotoqraflarımız Rafiq Qəmbərov və Rauf Umudovla məsləhətləşdim, Bakıda onun çəkdiyi fotolardan ibarət sərgi təşkil etdim. Gözəl bir gün oldu. Sonra Piterdə Elşən Əhmədovun və Katerina Sapoqovanın dəstəyi ilə Dostoyevskinin Ev muzeyində də Vaqif Səmədoğlunun çəkdiyi fotolardan ibarət sərgi təşkil olundu və ilk dəfə Azərbaycan dilində şeirləri səsləndi. Fransada fransız dilində Aliyə Məstəliyevanın tərcüməsi ilə “Mən bir gün rəbəssüm olmuşdum” adı altında işıq üzü görmüş kitabının təqdimatı gerçəkləşdi. Kitab orada fransız ədəbiyyatçı və tarixçiləri tərəfindən müsbət qarşılandı, tərcümə yüksək səviyyədə idi. Şeir tərcüməsində şairin ruhunu, sözlərin musiqisini tutmaq lazımdır. Aliyə xanım də bunları uğurla bacarmışdı, məncə.

Eyni zamanda mənim əsas işim Vaqif müəllimlə bağlı xatirələr kitabımı tamamlamaq oldu. 2021-ci ildə yazmağa başladığım kitaba nöqtəni qoydum və kitab həmin ildə nəşr edildi.

- Kitabda nədən bəhs olunur?

- Adı “Mən sənin yuxunam”dır. Vaqif müəllimin mənə ithaf etdiyi bir şeiri var:

-Mən sənin yuxunam,
Oyansam ölləm.

Kitabımın adı bu şeirin ilk misrasından götürülüb. Kitab 2021-ci ildə işıq üzü gördü. Özümdən və Vaqif müəllimdən, aramızdakı xatirələrdən bəhs olunur. Bu, bir memuardır. Kitabda özüm haqqında da yazdım. Haradan haraya gəlməyimə dair də qeydlər yer alır.

Nə qədər ki, cavanlar Vaqif müəllimi oxuyacaqlar, deməli, o da yaşayacaq

- Vaqif müəllimin dostları sizə baş çəkirlərmi, sizi yada salırlarmı?

- Onun 80 illik yubileyi Moskvada keçirildi və bu işdə AYB sədri Anar müəllimin böyük rolu oldu. 2024-cü ildə Vaqif müəllimin 85 illiyi idi. Anar müəllim və Səlim Babullaoğlu sağ olsunlar. Vaqif müəllimin “Mən burdayam, ilahı” adlı kitabı Türkiyədə çap olunmuşdu. Fərid Hüseynin təşəbbüsü və mənim də iştirakımla ötən ilin noyabrında bu kitaba yeni şeirlər əlavə etdik. Kitab yenidən işıq üzü gördü, Türkiyədə kitab sərgisi çərçivəsində təqdimatı baş tutdu. Burada Fərid Hüseynin böyük rolu oldu, bu, onun təşəbbüsü idi. Bu adamlar həmişə mənim yanımdadırlar.

85 illiklə bağlı Vaqif müəllimin şeirlərinin ən yaxşı ifası üçün Vaqif Səmədoğlu Mərkəzi adından müsabiqə elan etdim. Keçən ilin 28 yanvarında onun mükafatlandırılması oldu. Çox sevindirici hal idi, orada 5 yaşlı balalarımız da vardı. Ötən il Vaqif müəllimlə bağlı “Şeir kimi yaşamaq” adlı film çəkildi. Bu sənədli filmi tanınmış rejissorumuz Elçin Musaoğlu çəkib. Ötən ilin 25 dekabrında Nizami Kino Mərkəzində bu filmin təqdimatı baş tutdu. Bunların hamısı 85 illik çərçivəsində reallaşdı. Anar müəllimin iştirakı ilə Opera studiyasında Vaqif Səmədoğlu poeziya gecəsi keçirildi. Hələ xırda işləri demirəm. 5-6 il bundan əvvəl Vaqif müəllimin çap olunmayan fikirlərini, aforizmlərini 3 dildə - ingilis, rus və Azərbaycan -hazırladım. Onun sağlığında, hələ 2013-cü ildə deyimlərini çap etmişdik. İndi isə gündəliyində olan fikirləri topladım. Belə baxanda Vaqif müəllimin bütün şeirləri aforizmdir. Bəzi fikirlərini gündəlikdən götürüb “Vaqif Səmədoğlu belə demişdi” başlığı altında kitab-albom çap etdirdik. Bu da Səlim Babullaoğlunun təşəbbüsü ilə reallaşdı. Kitab-albomda Vaqif müəllimin çəkdiyi fotolar və o fotoların alt-hissəsində onun aforizmləri yer alır. 2015-ci il 28 yanvar tarixində AYB-də bu kitab-albomun təqdimatı keçirildi.

- Vaqif müəllim sağlığında Feysbuk sosial şəbəkəsində çox aktiv idi, onun oxucularından sizə yazanlar varmı?

- Vaqif müəllimin profili yenə qalır, düzdür, mən yazışmıram, amma daxil olub baxıram. Onun profilini Səməd Vəkilov işlədir. Mən sadəcə kimin, nə yazdığına baxıram. Vaqif Səmədoğlu Mərkəzinin İnstaqramda səhifəsi var. Oxucuları ora yazırlar, fikirlərini bildirirlər. Əsas cavanlar yazırlar, onu oxuyurlar. Bu da məni sevindirir. Nə qədər ki, cavanlar Vaqif müəllimi oxuyacaqlar, deməli, o da yaşayacaq. Həyat belədir. Mən ömrü boyu olmayacağam ki...?! Ona görə də əsas yol və rol gənclərə verilməlidir. Fəaliyyətimin hədəfi, məqsədi budur ki, gələcək nəsillər onu unutmasınlar. Unutqanlıq çox pisdir. İnsan unutqandır, istəyirəm Vaqif Səmədoğlu unudulmasın.

Görünür, müəyyən zamandan sonra ruhlar da uzaqlaşır

- Sevgiyə yanaşma belədir ki, insanlar arasında öncə münasibət formalaşır, ardınca sevgi, sonra mübtəla olma, bağlanma, daha sonra doğmalaşma gəlir. Vaqif Səmədoğlunun sizə həsr etdiyi şeirlərdən aydın sezmək olur ki, münasibətləriniz doğmalaşma mərhələsində olub. İnanmıram ki, bir-birinə doğma olan adamlar bir-birini yuxularda belə görməsinlər. Qısası, Vaqif müəllim yuxularınıza gəlirmi?

- Təzə-təzə yuxularıma gəlirdi, amma indi yuxuma gəlmir. Əvvəllər, elə hiss edirdim ki, o, sanki evdədir. Mən bunu hiss edirdim. İndi onun vəfatından 10 il keçir. Görünür, müəyyən zamandan sonra ruhlar da uzaqlaşır, ruhların da ömrü var deyirlər. Mən Vaqif müəllimdən sonra ruh məsələlərini diqqətlə oxudum. Hər halda nədənsə inanmaq istəyirsən. Yəqin ki, nəyəsə inanıb, ölmək daha yaxşıdır. Ola bilsin ki, ruh da öz ömrünü yaşayır. Buna reinkarnasiya (yenidəntəcəssüm) deyirlər. Buna dair müxtəlif dinlərdə, müxtəlif fikirlər var. Onun da öz mərhələləri mövcuddur.

- Vaqif Səmədoğlunun övladları ilə münasibətləriniz necədi, sizi yad edirlərmi?

- Təbii, biz onun böyük qızı Nigarla çox yaxınıq. Vaqif müəllim bizi birləşdirib. Nigarla Mirvari birgə çalışırlar. Münasibətlər yaxşıdır, çox şükür, başqa cür də ola bilməz. Çünki ortada səmimiyyət var. Adam səmimiyyət gördüyü adamlara həmişə qiymət verirlər.

Mən Səməd Vurğuna bəraət qazandırmağa çalışmıram, amma…

- Son günlərdə Səməd Vurğunla bağlı da müzakirələr aparılır. Yazıçı Əlisa Nicat Səməd Vurğunu “məddah” adlandırıb. Buna münasibətiniz necədir?

- O insanın dediklərini çox böyütdülər. Belə məsələlərdə Vaqif müəllim və Yusif müəllim bilirsiniz nə edirdilər? Əlbəttə, onlar da oxuyurdular, onlara da təsir edirdi yəqin ki. Amma heç zaman cavab vermirdilər. Çünki bilirdilər ki, Səməd Vurğunu sevənlər, onları cavabsız qoymayacaq.

Mənim belə insanlara yazığım gəlir. İstəyirlər nəsə etsinlər. Onlar həm də özlərinə diqqət çəkmək üçün edirlər bunu. Səməd Vurğun artıq 69 ildir dünyadan köçüb, ancaq bəziləri onu rahat buraxmırlar. Axı, niyə bu adamın ruhunu narahat edirsiniz? Çox dərinə getmək istəmirəm... Bu adamlar əsas məsələləri kənarda qoyub, indiki halda diqqəti başqa səmtə yönəltmək istəyirlər. Sənətkarları bir-birinə qarşı qoymaq zaman-zaman baş verib. Bu, bütün dünyada mövcuddur, amma bu işdə təhqir elementi olmamalıdır.

Sosial şəbəkələrdəkilərin hamısı savadlı deyil ki?! Bu məsələyə hər kəs öz dünya görüşü çərçivəsində yanaşır. Ona görə də onlara cavab verənlərə minnətdaram. O dövrün məsələsini indi müzakirə etmək doğru deyil. İndi oturub, keçmiş zamandan danışmağa nə var ki?! Mən Səməd Vurğuna bəraət qazandırmağa çalışmıram, amma mühakimə etmək asan işdir. Mən kitabımda da qeyd etmişəm.

- Nəyi?

- Səməd Vurğun 50 yaşında Kreml xəstəxanasında əməliyyat üçün masaya yatırılanda professor onu yaranda deyib ki, bu 80 yaşlı qocanı niyə mənim yanıma gətirmisiniz? Bu adamın 80-dən çox yaşı var, ömrünü başa vurub. Həkim heç nə etmədən təzədən onu tikib. Həmin vaxt Fəxri Vəkilov onun yanında olub və həkimə bildirib ki, siz nə danışırsınız, qoca nədir, Səməd Vurğunun heç 50 yaşı tamam olmayıb. Səməd Vurğunun orqanları da qocalmışdı. Dərdlə yaşamaq daha çətindir, nəinki ölmək. Adam öləndə hər şey bitib-gedir, amma dərdlə yaşamaq insanı içdən üzür... Mən bunu kitabımda da qeyd etmişəm.

- Bundan sonra Vaqif müəllimlə bağlı nə kimi planlarınız var?

- Düzdür, Vaqif müəllimin yaradıcılığına yüksək qiymət verənlər çoxdur, bununla belə təəssüflə qeyd etmək istəyirəm ki, indiyə qədər onun memorial lövhəsi yoxdur.

- Bununla bağlı müraciət etmisinizmi?

- Bəli, etmişəm...

- Azərbaycan Mədəniyyət Nazirliyinə?

- Yox, ondan da yuxarı quruma müraciət etmişəm, Bu il dekabrın 25-də Yusif müəllimin 90 illiyidir. Ümid edirəm ki, onunla bağlı bir Sərəncam olar. Yusif müəllim unudulmamalıdır. Mən bunu qohum kimi demirəm. Belə insanlar çox nadir hallarda həyata, dünyaya gəlirlər. 60-cı il nəslindən 1,2 nəfər qalıb. Qalanlara Allahdan can sağlığı arzulayıram.

Vaqif Səmədoğlunun dram əsərləri öz rejissorunu gözləyir

- Ötən il Anar müəllimin bir videosu paylaşılmışdı, dostlarının məzarını ziyarət edib, onların qəbri üstünə güllər düzür...

- O görüntülər mənə çox təsir etmişdi. Anar müəllim haqqında film çəkmişdilər və orada da qeyd etdim ki, bu, çox təsirlidir. Anar müəllimdə qiymət vermək, qədir bilmək hissi çox güclüdür. Adam gərək yaşantıları olduğu kimi dilə gətirsin. İndi Vaqif müəllimin gündəlikləri qalır, fikrim var onlarla məşğul olum. Görkəmli rejissor Hüseynağa Atakişiyevdən sonra Vaqif müəllimin əsərləri öz rejissorunu tapmadı. Çox heyfslənirəm. Hamı deyir, Vaqif müəllim gözəl dramaturqdur, amma Hüseynağa Atakişiyevdən sonra əsərləri səhnədə öz əksini tapmadı. Allah ona rəhmət etsin.

- Rejissor qıtlığıdırmı, yoxsa, ona maraqmı göstərmirlər?

- Bir-iki dəfə səhnələşdirildi, amma istənilən kimi alınmadı. Kəsilib, çıxarılan hissələr çox idi deyə, ideya lazımı səviyyədə çatdırıla bilmədi. Rejissordan çox şey asılıdır, rejissor ideyanı tutmalıdır. Vaqifin dram əsərləri öz rejissorunu gözləyir. İnanmaq istəyirəm ki, bəlkə də, gənclər arasında belə bir rejissor tapılacaq.

- Vaqif Səmədoğlu ilə bağlı bu qədər işlər görürsünüz, hər tədbir xeyli pul, vəsait deməkdir. Sosial şəraitiniz buna yetirmi?

-Şükür Allaha , hər şey normaldı...


Sizin reklam burada
Sizin reklam burada