Ukraynaya ayrılan yardımlar vaxtında verilmir

Ukraynaya ayrılan yardımlar vaxtında verilmir
10:03

Avropanın bütün ölkələrinin Rusiya-Ukrayna müharibəsində eyni mövqedən çıxış etmədiyi, bəzi dövlətlərin öz iqtisadi və enerji maraqlarını Ukraynaya göstərilən dəstəkdən üstün tutduğu bildirilir. Bu isə Kiyevə vəd edilən yardımların vaxtında çatdırılmamasına və Ukraynanın hərbi imkanlarının məhdudlaşmasına səbəb olur.

Politoloq Elşad Həsənov News365.az-a açıqlamasında bildirib ki, Avropada Rusiyaya müəyyən mənada dəstək verən və sanksiyaların tətbiqi zamanı Moskva ilə əməkdaşlığını davam etdirən ölkələr var.


“Avropa müstəvisində Rusiyaya müəyyən mənada dəstək göstərən ölkələr var. Sanksiyalar tətbiq olunan zaman belə, bəzi dövlətlər Rusiyaya müəyyən formada dəstək verirlər. Yəni, Avropanın bütün ölkələri bütövlükdə Rusiyanın qarşısında deyil, Rusiya tərəfdarı mövqedə olanlar da var.

Müharibənin davam etdiyi dövrdə Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, enerji məsələsində Avropanın bəzi aparıcı ölkələri öz maraqlarını ön plana çəkirlər. Məsələn, Fransa hələ də Rusiyadan qaz alır. Bu onu göstərir ki, həmin ölkələr dövlət maraqlarını Ukraynanın maraqlarından daha üstün tuturlar.

Ona görə də Ukraynaya lazım olan dəstək vaxtında göstərilmir. Bəli, Ukraynaya yardım göstərilməsi və bunun üçün vəsait ayrılması ilə bağlı qərarlar qəbul olunub. Ancaq ayrılan vəsait və hərbi yardımların vaxtında Kiyevə çatdırılmaması Ukrayna Silahlı Qüvvələrinin qarşıya qoyduğu məqsədləri tam şəkildə həyata keçirməsinə mane olur.

Bununla belə, son dövrlərdə Ukraynanın Rusiyanın enerji və hərbi infrastrukturuna qarşı zərbələrinin artdığını görürük. Ukraynanın Rusiyanın enerji strukturlarına qarşı tətbiq etdiyi sanksiya xarakterli tədbirlər və zərbələr Moskvanı sülhə məcbur etmək strategiyasının tərkib hissəsidir.

Ukrayna son dövrlərdə Rusiyanın dərinliklərində yerləşən obyektlərə, o cümlədən neftayırma zavodlarına zərbələr endirib. Uzaq Şərq, Sibir və digər regionlarda yerləşən bəzi obyektlərin hədəfə alınması Rusiyanın yanacaq təminatına ciddi təsir göstərir. Neft emalı müəssisələrinin bir qisminin sıradan çıxarılması Moskva üçün ciddi problemdir.

Eyni zamanda, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin hədəfə alınması da Ukrayna üçün böyük uğur hesab oluna bilər. Son dövrlərdə Ukraynanın kəşfiyyat və hücum dronlarının Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Moskva və Sankt-Peterburqda istifadə edildiyini görürük.

Tatarıstanın Nijnekamsk şəhərində yerləşən neftayırma zavoduna endirilən son zərbə də bunun nümunələrindən biridir. Bu cür hücumlar göstərir ki, Ukrayna Rusiyanın dərinliklərindəki strateji obyektləri vurmaq imkanlarını getdikcə genişləndirir”, – deyə politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada