Ukrayna və Rusiya arasında gedən müharibə tədricən yeni bəyanatlarla və fərqli siyasi mövqelərlə yadda qalır.
Bu barədə politoloq Hüseyn İbrahimov News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, proseslər göstərir ki, müharibə gah şiddətlənir, gah da nisbətən səngiyir, lakin ümumilikdə gərginlik azalmaq bilmir:
“Müharibə gah artan, gah da zəifləyən xətlə davam edir. ABŞ prezidenti və digər Qərb liderlərinin bəyanatları isə artıq əvvəlki kimi həlledici təsir göstərmir.”
Politoloq qeyd edib ki, ABŞ prezidentinin son dövrdəki mövqeyi müharibənin istiqamətinə ciddi təsir edə bilmir:
“ABŞ rəhbərinin bəzi fikirləri bəzən proseslərin gedişinə təsir etmə potensialına malik olsa da, bu təsir çox zaman real nəticəyə çevrilmir. Görünür, burada həm daxili siyasi, həm də beynəlxalq amillər rol oynayır.”
Hüseyn İbrahimov xatırladıb ki, müharibə başlayanda indiki ABŞ prezidenti hələ hakimiyyətdə deyildi və sonradan məsuliyyəti əvvəlki administrasiyanın üzərinə yönəltmişdi:
“O, bir vaxtlar deyirdi ki, əgər mən o dövrdə hakimiyyətdə olsaydım, bu müharibə baş verməzdi. Hətta üç gün ərzində problemi həll edəcəyini bəyan etmişdi. Amma hadisələr göstərdi ki, münaqişə daha da dərinləşib.”
Politoloqun fikrincə, ABŞ və Avropa İttifaqı arasında keçirilən son görüşlərdən sonra müharibənin yeni fazaya keçdiyi açıq şəkildə müşahidə olunur.