Türkiyə 6 ayda Ermənistan sərhədini açmaq niyyətindədir

Türkiyə 6 ayda Ermənistan sərhədini açmaq niyyətindədir
16:30

Türkiyə Ermənistanla qurudan sərhədi yaxın altı ay ərzində açmağı nəzərdən keçirir.

News365.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu addım Avropada Soyuq Müharibə dövründən qalan son bağlı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və Cənubi Qafqazda ticarət və kommunikasiya xəritəsini dəyişə bilər.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Ankara yalnız bir şərtlə sərhədi açmağa razıdır. Belə ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə sərhədlər açılacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da noyabrda bu barədə danışıb. “Sülh sazişi olmadan normallaşma mümkün deyil. Əgər indi Ermənistanla münasibətləri bərpa etsək, İrəvanın sülh müqaviləsini imzalamaq üçün əsas səbəbi ortadan qaldırmış olarıq”, - o qeyd edib.

"Bloomberg" yazır ki, Paşinyan iyunda keçiriləcək seçkilərə gedərkən sərhəd açıqlaması onun siyasi reytinqinə əlavə üstünlük verə bilər. Mənbələrə görə, əgər Paşinyan hakimiyyətdə qalsa, İlham Əliyevlə sülhü rəsmiləşdirmək şansı yüksələcək. Bundan sonra Türkiyə də Ermənistana səfir təyin edərək diplomatik münasibətləri bərpa edə bilər.

Türkiyə və Ermənistan nümayəndə heyətləri ötən həftə Akyaka–Axurik sərhəd məntəqəsində birgə baxış keçiriblər. Məqsəd Qars–Gümrü dəmir yolunun bərpasıdır. Yeni relslərin çəkilməsi təxminən 5 ay çəkə bilər.

Türkiyənin bölgə rəsmiləri sərhəd mühafizəsi üçün yeni yolların tikildiyini də təsdiqləyiblər.

"Bloomberg"in məlumatına görə, ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış üçtərəfli razılaşmanın bir hissəsi olaraq, ABŞ regionda strateji əhəmiyyətə malik TRIPP layihəsini (Zəngəzur dəhlizi - red.) inkişaf etdirmə hüququ əldə edib.

Bu xətt Azərbaycanı Ermənistan üzərindən Türkiyə ilə birləşdirəcək və Pekindən Londona uzanan yeni Şərq–Qərb yolunun əsas hissəsinə çevriləcək. Layihə Zəngəzur dəhlizinin yeni formatı kimi təqdim edilir və Türkiyənin regional tranzit qovşağı rolunu gücləndirəcək.

Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, bu yolun tikintisi 2026-cı ilin ikinci yarısında başlayacaq və keçmiş sovet marşrutu ilə gedəcək, çünki alternativ xətt çəkmək real deyil.

Yerevanlı analitik Riçard Giragosyan hesab edir ki, sərhədin açılması 2026-cı ilin əvvəlində baş tuta bilər. Lakin o həm də xəbərdarlıq edir ki, Paşinyan seçki ərəfəsində Ərdoğan hökumətinə çox yaxın görünməmək üçün ehtiyatlı olmalıdır.


Sizin reklam burada
Sizin reklam burada