Ukrayna ilk dəfə F-16 ilə Rusiya qırıcısını vurub

Ukrayna ilk dəfə F-16 ilə Rusiya qırıcısını vurub
19:25

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn Ukraynanın ilk dəfə F-16 qırıcısından istifadə edərək Rusiya hərbi təyyarəsini vurduğunu açıqlayıb.

News365.az xəbər verir ki, general bu barədə Senatın Assiqnasiyalar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

"Bu yaxınlarda Ukraynaya məxsus F-16 qırıcısının hava döyüşündə ilk dəfə Rusiya qırıcısını vurmasının şahidi olduq. Son illərdə tərəfdaşların dəstəyi sayəsində Ukrayna çoxpilləli hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib", – deyə Den Keyn bildirib.

General çıxışı zamanı Ukraynanın hava hücumundan müdafiə sisteminin maliyyələşdirilməsinin dayandırılmasının mümkün nəticələri ilə bağlı suala cavab verərkən qeyd edib ki, Kiyev öz müdafiə sənayesinin inkişafı istiqamətində inanılmaz iş görür.

O əlavə edib ki, Ukrayna həm "yer-hava", həm də "hava-hava" silah sistemləri üzrə imkanlarını artırır.

Xatırladaq ki, Ukrayna Hərbi Hava Qüvvələri bu ilin iyulunda şərq istiqamətində Rusiyaya məxsus növbəti Su-35 çoxməqsədli qırıcısının vurulduğunu açıqlamışdı. Lakin təyyarənin hansı silahla məhv edildiyi barədə məlumat verilməmişdi.

Ukrayna ABŞ istehsalı olan F-16 qırıcılarından ilk dəfə 2024-cü ilin yayından istifadə etməyə başlayıb. Defense Express nəşrinin məlumatına görə, hazırda Ukrayna ordusunun sərəncamında Niderland və Danimarka tərəfindən verilmiş təxminən 39 ədə F-16 var. Norveç daha 6, Belçika isə 53-ə qədər təyyarə verməyi öhdəsinə götürüb. Bu plan həyata keçərsə, 2030-cu ilədək Ukraynanın arsenalında 98 ədəd F-16 qırıcısı ola bilər.


Sizin reklam burada
Sizin reklam burada