DAŞ YOX, TARİX YAZAN İGİDLƏR...

DAŞ YOX, TARİX YAZAN İGİDLƏR...
22:20

Şəhərlər canlıdır. Hər birinin yaranışı, yaddaşı, taleyi, hekayətləri var. Zaman keçdikcə dəyişirlər, amma keçmişləri daşlarda, divarlarda, abidələrdə yaşayır.

Şuşa da belədir. Onun hər daşı bir tarix, hər qayası bir hekayət, hər abidəsi bir xatirədir. Acılı, şirinli xatirə. Şuşanın yaşadığı ağrı da, o möhtəşəm azadlıq məqamı da bizim ən yeni tariximizdir. O tarixi yazanlarsa bizim igid oğullarımızdır. Şəhidlərimizdir. Onlar bu şəhərin adını daşlara yox, qanları ilə tarixə yazıblar. Ruhunu, nəfəsini, keçmişini qaytarıblar.

Bəs biz nə edirik? Əlimizə keçən qələmlə, dəmirlə və yaxud taxta parçasıyla abidələrimizi, qayalarımızı, binalarımızı cızır, adlar yazır və guya bununla şəhidlərimizi əbədiləşdirir, yaddaş yaradırıq.

Yanlışdır. Yanaşma qətiyyən düzgün deyil. Olmaz. Qətiyyən olmaz. Bu addım tarix yaradan, yazan oğulların haqqına girməkdir, ruhunu incitməkdir.

İncitməyək onları. Adlarını bağrımızın başına yazdığımız o igidlərin ruhunu sızlatmayaq. Dövlətimizin baş tacı etdiyi o qəhrəmanları göynətməyək.

Qanla suvarılmış o müqəddəs məkanlarımızın hər abidəsinin, hər qayasının, daşının, torpağının qədrini bilək, qoruyaq. Qoruyaq ki, azad ellərimizin səmasından boylanan şəhid ruhları şad olsun!

Qoruyaq ki, tariximizin yaddaşı əbədi olsun!!!


Bəturə NƏBİYEVA


Sizin reklam burada
Sizin reklam burada