Türkiyə ilə Suriya və İsrail arasında münasibətlər fərqli xarakter daşıyır və bu məsələdə Ankaranın mövqeyi beynəlxalq hüquq baxımından haqlıdır.
Bu barədə politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Suriya azad, suveren və demokratik dövlət kimi inkişaf etməli, ərazi bütövlüyü təmin olunmalıdır:
“Türkiyə dəfələrlə bəyan edib ki, bu, onun rəsmi mövqeyidir. İsrail isə Suriyada vətəndaş müharibəsinin davam etməsində maraqlıdır və müəyyən bölgələrdə silahlı qruplaşmalara dəstək verir”.
Politoloq bildirib ki, Qərb mediasının məlumatlarına görə, Suriyanın müxtəlif ərazilərində yüz minlərlə insan silahlandırılaraq Türkiyə ordusuna qarşı yönləndirilməyə çalışılır. Bu isə Ankara üçün qəbulolunmazdır.
Elçin Alıoğlu əlavə edib ki, Türkiyənin Suriyada hərbi bazalar qurması və Suriya ordusunu təlimlərlə dəstəkləməsi tamamilə təbii prosesdir:
“Bu gün Slovakiya, Sloveniya, Latviya, Bolqarıstan və Rumıniya kimi ölkələrdə NATO bazaları fəaliyyət göstərir. Elə isə niyə Türkiyə də Suriyada eyni dəstəyi göstərməsin? Bu, həm Ankaranın regional təhlükəsizliyinə, həm də NATO müttəfiqlərinin maraqlarına uyğundur”.