Türkiyə və Pakistan Yəmən savaşına qoşulur? – Politoloqdan AÇIQLAMA

Türkiyə və Pakistan Yəmən savaşına qoşulur? – Politoloqdan AÇIQLAMA
12:20

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan “Məkkə Sazişi” çərçivəsində birgə müdafiə mexanizmlərinin tətbiqinə başlayır. Tərəflər razılaşdırılmış hərbi qüvvə və imkanların təmin olunması, həmçinin onların Səudiyyə Ərəbistanında mümkün qədər qısa müddətdə yerləşdirilməsi barədə razılığa gəliblər.

News365.az xəbər verir ki, qərar Yəməndə husilərlə hökumət qüvvələri arasında döyüşlərin yenidən şiddətlənməsi və husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını artırması fonunda qəbul edilib. Son günlər Yəməndə vəziyyətin kəskinləşməsi fonunda Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri strateji Babül-Məndəb boğazı istiqamətində əks-hücuma keçib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında bildirib ki, Türkiyə və Pakistanın prosesə qoşulması Yəməndəki hərbi-siyasi vəziyyətə ciddi təsir göstərə bilər.

Onun sözlərinə görə, “Məkkə Sazişi”nin tətbiqinə başlanması gözlənilən addım idi:

“Daha doğrusu, husilərin Səudiyyə Ərəbistanının tələsinə düşdüyünü də demək olar. Qərarın qəbul edilməsinin əsas səbəblərindən biri husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını artırmasıdır”.

Politoloq qeyd edib ki, “Məkkə Sazişi”nin məntiqi NATO-nun kollektiv müdafiə prinsipinə bənzəyir. Avqustun 7-də imzalanan razılaşmaya əsasən, üç ölkədən birinə silahlı hücum digər tərəflərə qarşı hücum kimi qiymətləndirilir.

Turan Rzayev hesab edir ki, Ankara və İslamabadın prosesə cəlb olunması Yəmən hökumət qüvvələrinin imkanlarının artırılmasına şərait yarada bilər.

“Yəmən hökumət qüvvələri bu günə qədər husilər üzərində üstünlük qura bilmirdi. Bunun əsas səbəblərindən biri həmin qüvvələrin müxtəlif silahlı və siyasi qruplardan təşkil olunması və vahid komandanlığın olmaması idi. Türkiyə və Pakistanın prosesə qoşulması bu məsələnin həllinə müəyyən imkan yarada bilər”, – deyə o bildirib.

Politoloqun fikrincə, ikinci mühüm məsələ husilərin dağlıq ərazilərdə möhkəmlənməsi və gerilla taktikasından istifadə etməsidir.

“Türkiyə və Pakistanın dağlıq ərazilərdə terrorla mübarizə və hərbi əməliyyatlar sahəsində təcrübəsi var. Bu baxımdan həm Yəmən hökumət qüvvələrinin hazırlanması, həm də husilərə qarşı mübarizədə yeni taktiki imkanların formalaşdırılması mümkündür”, – Rzayev vurğulayıb.

O, Türkiyə və Pakistanın prosesə qoşulmasının İran amilinə də təsir göstərə biləcəyini düşünür:

“Husilərə dəstək verən İran faktorunun müəyyən qədər neytrallaşdırılması mümkündür. Bu baxımdan Ankara və İslamabadın prosesə daxil olması Yəməndəki qüvvələr nisbətinə təsir edə bilər”.

Turan Rzayev hesab edir ki, üç ölkənin hərbi əməkdaşlığının yalnız Səudiyyə Ərəbistanının müdafiəsi ilə məhdudlaşması ehtimalı aşağıdır.

“Türkiyə və Pakistanın prosesə qoşulması təkcə Səudiyyə Ərəbistanının müdafiəsi ilə məhdudlaşmaya bilər. Bu əməkdaşlıq Yəməndə sabitliyin təmin olunmasına qədər davam edə bilər. Sonrakı mərhələdə isə Yəmənin “Məkkə Sazişi” çərçivəsinə cəlb olunması istisna deyil”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, Yəməndə sabitliyin təmin olunması strateji əhəmiyyət daşıyır. Xüsusilə Babül-Məndəb boğazının təhlükəsizliyi həm regional, həm də beynəlxalq dəniz ticarəti baxımından mühüm əhəmiyyətə malikdir.

“Yəmən “Məkkə Sazişi” ölkələri üçün ilk ciddi sınaqdır”, – deyə Turan Rzayev əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada