Bir neçə gün əvvəl Ermənistan tərəfinin dəvəti ilə İrəvana səfər edən və Baş nazir Nikol Paşinyandan müsahibə alan Türkiyənin CNNTürk telekanalının xəbər redaktoru İdris Arıkan “Blokadada olan ölkə - Ermənistanda nə danışırlar?” reportajı ilə erməniləri hiddətləndirib.
News365.az xəbər verir ki, İdris Arıkan 26 dəqiqəlik reportajda İrəvanı qədim türk şəhəri, burada yerləşən Göy məscidi isə türk məscidi kimi təqdim edib.
“Yerevanın türkcə adı İrəvandır. Yəni əslində bu, türk tarixində yeri olan bir şəhərdir”, – türkiyəli jurnalist Göy məscidin fonunda bəyan edib və onun İrəvanda qalan yeganə məscid olduğunu vurğulayıb.
“Tarixə nəzər salsaq, məscidin tikintisi 1700-cü illərə təsadüf edir”, - deyə qeyd edən jurnalist onun qədim İrəvan xanlığı bölgəsində, Hüseynəli xanın dövründə tikildiyini vurğulayıb.
“Məscid əvvəlcə Hüseynəli adlansa da, sonradan Göy cami adlandırılıb...
Əslində İrəvanda türk tarixşünaslığında məlum olduğu kimi 8 məscid var idi. O vaxtlar burada Azərbaycan türkləri də yaşayırdı...”, - İdris Arıkan qeyd edib.
O, “bir zamanlar İrəvanda yaşamış Azərbaycan türkləri qayıda bilərmi?", - deyə sual edib.
Türkiyəli jurnalistin təqdimatından qəzəblənən ermənilər onu açıq dezinformasiya yaymaqda, Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməkdə günahlandırıblar.
“26 dəqiqəlik reportajda o, Ermənistanı tünd rənglərlə təqdim edib. Belə təəssürat yaradıb ki, Ermənistan çox ağır iqtisadi vəziyyətdədir, hər hansı inkişaf perspektivindən uzaqdır və yeganə xilas yolu Türkiyə ilə sərhədlərin açılmasıdır”, - Ermənistan KİV-lərinin İdris Arıkanla bağlı yayımladıqları məqalələrdə qeyd edilib.