ABŞ-ın sabiq prezidenti Donald Trampın təqdim etdiyi 20 maddəlik planın birinci mərhələsi artıq praktik olaraq həyata keçirilib.
Bu barədə politoloq Natiq Miri News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, planın ilk iki bəndi — atəşkəsin təmin olunması və girovların qarşılıqlı qaytarılması — artıq reallaşdırılıb:
“Növbəti mərhələdə digər bəndlərin necə həyata keçiriləcəyi prosesin gedişində müəyyənləşəcək. Bu mərhələdə hələ bir sıra məqamlar tam aydın deyil.”
Politoloq qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun bəyanatlarının reallaşacağına dair qəti təminat yoxdur:
“Makronun dedikləri mütləq şəkildə həyata keçəcək demək doğru olmaz. Çünki bu prosesin əsas istiqamətini dörd dövlətin — ABŞ, Türkiyə, Misir və Qətərin — imzaladığı birgə bəyanat müəyyənləşdirir.”
Natiq Miri hesab edir ki, bu bəyanat sadəcə diplomatik sənəd deyil, eyni zamanda yeni regional güc balansının formalaşdığını göstərir:
“Burada üçtərəfli güc modeli meydana çıxır — ABŞ, ərəb dünyasını təmsil edən Misir və Qətər, eləcə də qardaş Türkiyə. Bu üçbucaq yaxın perspektivdə bölgədəki proseslərin istiqamətini müəyyənləşdirəcək.”