ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin eskalasiyasının getdikcə idarəolunmaz hala düşməsi ilə bağlı narahatlıqlar səbəbindən ilin sonuna qədər Ukrayna üzrə sülh danışıqlarına başlaya bilər. Bunu Rusiya mediasına açıqlamasında türkiyəli analitik Mehmet Çağatay Gülər deyib.
Onun sözlərinə görə, Tramp Ukraynada vəziyyətin getdikcə idarəolunmaz hala gəldiyini anlayaraq danışıqlara başlaya bilər. Gülər, eyni zamanda, qeyri-rəsmi səylərin nə qədər məhsuldar ola biləcəyinin “mübahisəli olaraq qaldığını” açıqlayıb. Çünki qeyri-rəsmi razılaşmalarım sonradan həyata keçirilib-keçirilməyəcəyi bəlli deyil.
Təhlilçinin fikrincə, Tramp Moskva və Kiyevi “döyüş meydanındakı status-kvonu qəbul etməyə” dəvət edəcək. Lakin hadisələrin bu cür inkişafı münaqişənin hər iki tərəfini qane etməyəcək.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.