ABŞ-da keçirilən Nyu-York marafonu faciə ilə yadda qalıb. İlk dəfə marafonda iştirak edən 24 yaşlı Reçel Apa finiş xəttinə cəmi iki mil qalmış Mərkəzi Parkda qəfil yıxılaraq həyatını itirib. Ailəsinin sözlərinə görə, gənc qadının sağlamlığı ilə bağlı heç bir problemi olmayıb.
News365.az xarici mətbuata istinadən xəbər verir ki, Reçel Apa bazar günü Parkinson xəstəliyi ilə mübarizə aparan insanların dəstəklənməsi məqsədilə yaradılmış “Parkinson’s Champions” komandasının tərkibində yarışa qatılıb. O, bu marafonu 2022-ci ildə vəfat edən və uzun müddət Parkinson xəstəliyindən əziyyət çəkən babasının xatirəsinə həsr edib.
Gənc qadın ianə toplamaq üçün hazırladığı müraciətdə babasının uşaqlıqdan onun örnəyi olduğunu yazıb. O, babasının aktiv həyat tərzini, çətinliklərdən çəkinməməyi və idmana sevgini ona aşıladığını bildirib.
Pensilvaniya ştatının Lyuisberri şəhərindən olan Apa əvvəllər Baknell Universitetinin otüstü xokkey komandasında çıxış edib. O, 42,2 kilometrlik marafona aylarla hazırlaşıb. Atası Stiv Apa qızının tam sağlam və fiziki cəhətdən yaxşı formada olduğunu bildirib.
Yarış zamanı anası Mişel Apa onu Nyu-Yorkda izləyib, atası isə xüsusi mobil tətbiq vasitəsilə qızının hərəkətini izləyib. Anasının çəkdiyi videoda Reçelin marafonun 14-cü milində gülümsədiyi görünür.
Lakin sonradan vəziyyət dəyişib. Gənc qadın 18-ci mildə atasına “Ağrıyır”, 19-cu mildə isə “Ağrıyır, ağrıyır” məzmunlu mesajlar göndərib. Atası ona ruhlandırıcı mesajlar yazsa da, qızından daha sonra cavab ala bilməyib.
Reçel 23-cü milə çatanda atası ona “Son mərhələdir” mesajını göndərib. Ancaq bu mesaj da cavabsız qalıb.
Bir müddət sonra o, Mərkəzi Parkda huşunu itirərək yerə yıxılıb. Yarışı izləyən xəstəxana sosial işçisi Mixela Nikolas və nişanlısı dərhal köməyə tələsiblər. Hadisə yerində ona ürək-ağciyər reanimasiyası tətbiq olunub.
Gənc qaçışçı “Mount Sinai” xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Atasının məlumatına görə, Reçel Apa saat 21:40-da rabdomioliz səbəbindən vəfat edib. Bu, əzələ toxumasının parçalanması ilə müşayiət olunan ciddi tibbi vəziyyətdir.
Atası qızının ölümünü “inanılmaz və dərk edilməsi mümkün olmayan faciə” kimi xarakterizə edib.
“Klivlend Klinikası”nın məlumatına görə, ABŞ-da hər il təxminən 26 min insanda rabdomioliz qeydə alınır.
Məlumata əsasən, Nyu-York marafonunda bundan əvvəlki ölüm hadisəsi 2024-cü ildə baş verib.
Qeyd edək ki, builki Nyu-York marafonunu 61 146 iştirakçı başa vurub. Təşkilatçılar yarışın ardıcıl üçüncü il dünyanın ən böyük marafonu üzrə iştirakçı sayına görə rekord müəyyənləşdirdiyini açıqlayıblar.
Kişilər arasında İsveç təmsilçisi Andreas Almqren 2 saat 6 dəqiqə 1 saniyə nəticə ilə qalib gəlib. Qadınların yarışında isə Keniyalı 35 yaşlı Şeyla Çepkirui 2 saat 24 dəqiqə 36 saniyə nəticə ilə finişə birinci çatıb. O, 2024-cü ildə də Nyu-York marafonunun qalibi olmuşdu.
News365.az