İranla ABŞ arasında hərbi qarşıdurmanın yenidən alovlanması ehtimalı Tehranda siyasi qərarların və danışıqlar strategiyasının dəyişə biləcəyi ilə bağlı müzakirələri artırıb. Xüsusilə İranın ali dini rəhbəri ilə prezident Məsud Pezeşkian arasında keçirilən görüş və səlahiyyətlərin prezidentə verilməsi məsələsi diqqət çəkir. Bu addımın mümkün hərbi eskalasiya riskini azaltmağa və danışıqlar üçün yeni imkan yaratmağa hesablandığı ehtimal olunur.
Politoloq Elşən Mustafayev bu barədə News365.az-a açıqlamasında danışıb.

Onun sözlərinə görə, son günlər ABŞ Prezidenti Donald Trampın və administrasiya rəsmilərinin seçkilərdən sonra İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyinə dair açıqlamaları Tehranda ciddi narahatlıq yaradıb.
Politoloq hesab edir ki, ABŞ tərəfindən səsləndirilən sərt təhdidlər, hətta taktiki nüvə silahından istifadə ehtimalının müzakirəyə çıxarılması İranı daha həssas qərarlar qəbul etməyə vadar edə bilər.
Mustafayevin fikrincə, məhz belə bir gərgin şəraitdə İranın ali dini rəhbəri ilə Pezeşkianın görüşü və idarəetmə səlahiyyətlərinin prezidentə verilməsi barədə məlumatların yayılması təsadüfi olmaya bilər. O düşünür ki, bu addım mümkün hərbi eskalasiya risklərini azaltmaq və danışıqlar prosesini fərqli siyasi xətt üzərindən aparmaq məqsədi daşıya bilər.
Politoloq qeyd edib ki, Pezeşkianın Qərblə münasibətlərə yanaşması İranın daha sərt mövqeli siyasi və hərbi rəhbər dairələrindən müəyyən mənada fərqlənir. Bu baxımdan prezidentin ön plana çıxarılması Tehran üçün diplomatik manevr imkanlarını genişləndirə bilər.
Bununla belə, Mustafayev İranın ritorikasında hələlik ciddi dəyişiklik müşahidə olunmadığını vurğulayıb. Onun sözlərinə görə, Tehran əvvəlki tələblərində israrlı görünür və bu şərtlərin böyük əksəriyyəti ABŞ tərəfindən qəbul edilmir.
Politoloq hesab edir ki, İranın sərt bəyanatları danışıqlar zamanı güzəştlərin həcmini azaltmağa yönəlmiş taktikanın tərkib hissəsi də ola bilər. Belə ki, Tehran qarşıdurmanın mümkün nəticələrini daha təhlükəli göstərməklə Vaşinqton üzərində təzyiqi artırmağa və danışıqlarda öz mövqeyini qorumağa çalışa bilər.
Mustafayevin qənaətinə görə, Pezeşkianın ön plana çıxarılması danışıqlar prosesində müəyyən dəyişikliklərə yol aça bilsə də, İranın irəli sürdüyü şərtlər dəyişmədikcə razılığın əldə olunması çətin olaraq qalır.