Rusiya Silahlı Qüvvələri oktyabrın 18-nə keçən gecə və səhər saatlarında Ukraynanın Odessa, Vinnitsa və Ternopol vilayətlərindəki kritik energetika obyektlərinə zərbələr endirib.
Hücumlar nəticəsində infrastruktur obyektlərinə ciddi ziyan dəyib və minlərlə abunəçi elektrik enerjisiz qalıb.
Ternopol Vilayət Hərbi Administrasiyasının rəhbəri Taras Pastuxun verdiyi məlumata görə, pilotsuz uçuş aparatları Kremenets rayonunun Starı Vişnevets yaşayış məntəqəsində, Kremenets şəhərində və Borsukovdə yerləşən energetika obyektlərinə zərbə endirib.
Odessa vilayətində paylayıcı avadanlıqlar və magistral elektrik şəbəkələri hədəf alınıb. Hücumlar nəticəsində bölgələrin elektrik təchizatında kütləvi kəsintilər yaranıb.
İlk məlumatlara görə, Ternopol vilayətindəki zərbələr zamanı xəsarət alan olmayıb. Aidiyyəti xüsusi xidmət orqanları zərbələrin fəsadlarını aradan qaldırmaq və elektrik təchizatını bərpa etmək üçün ərazilərdə iş aparır.