Tehranın ABŞ-a qarşı addımı regionda əks effekt verə bilər – ŞƏRH

Tehranın ABŞ-a qarşı addımı regionda əks effekt verə bilər – ŞƏRH
13:40

İran və ABŞ arasında hərbi qarşıdurma yenidən alovlanıb. ABŞ əvvəlcə İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə zərbələr endirib. Tehran isə cavab olaraq İordaniyada yerləşən ABŞ hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirib.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında bildirib ki, İranın hazırda minalanmamış olan Hörmüz boğazına dəniz minaları yerləşdirmək cəhdi və İordaniyadakı ABŞ bazasına səkkiz raket atması Vaşinqtonun zərbələrinə səbəb olub.

Mövzu ilə bağlı News365.az-a danışan politoloq Turan Rzayev bildirib ki, İranla ABŞ arasında hərbi qarşıdurmanın yenidən başlaması Yaxın Şərqdə onsuz da mürəkkəb olan təhlükəsizlik vəziyyətini daha da gərginləşdirir.

Onun sözlərinə görə, tərəflər arasında gərginliyin artacağı gözlənilən idi:

“Lakin İranın bu zərbələrə cavabı Tehran üçün kifayət qədər risklidir və müəyyən mənada onun əleyhinə işləyə bilər. İran bu dəfə İordaniyadakı ABŞ hərbi obyektini hədəfə alıb. İstisna deyil ki, yaxın günlərdə Körfəz ölkələri də yenidən hədəfə çevrilsin.

İranın ABŞ-la birbaşa qarşıdurma imkanları məhduddur. Daha doğrusu, Tehran ABŞ-ın birbaşa öz ərazisini hədəfə ala bilmədiyi üçün cavab zərbələrini regiondakı Amerika hərbi bazalarına yönəldir.

Burada mühüm paradoks ortaya çıxır. İran ABŞ-ın regiondakı hərbi mövcudluğunu zəiflətmək və Vaşinqtonun müttəfiqlərinə təzyiq göstərmək istəyərkən, əksinə, həmin dövlətlərin ABŞ ətrafında daha sıx birləşməsinə səbəb ola bilər.

Yəni Tehranın regional təzyiq siyasəti Vaşinqtonun uzun müddətdir arzuladığı təhlükəsizlik arxitekturasının formalaşmasına müəyyən mənada zəmin yarada bilər”.

Politoloq qeyd edib ki, xüsusilə İordaniya başda olmaqla, İranın zərbələrinə məruz qalan və ya ərazisində ABŞ hərbi obyektləri yerləşən bir sıra ərəb dövlətlərinin gələcəkdə “Məkkə Sazişi”nə qoşulması mümkündür.

“Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə bir müddət əvvəl hər hansı təcavüz aktına qarşı kollektiv çəkindirmənin gücləndirilməsinə yönəlmiş “Birgə müdafiə haqqında Məkkə Sazişi”ni imzalayıblar. Bu proses, hansı ad altında həyata keçirilməsindən asılı olmayaraq, mahiyyət etibarilə Yaxın Şərqdə NATO tipli təhlükəsizlik mexanizminin formalaşmasına doğru gedən addım kimi qiymətləndirilə bilər.

Əslində, Vaşinqtonun əsas strateji maraqlarından biri də regionda təhlükəsizlik yükünün yalnız ABŞ-ın üzərində qalmaması, müttəfiqlərinin vahid təhlükəsizlik sistemi daxilində daha sıx koordinasiya olunmasıdır.

Bunun üçün isə ortaq təhlükə anlayışının formalaşması vacibdir. İranın regional dövlətlərə və onların ərazisində yerləşən ABŞ obyektlərinə zərbələri belə bir ortaq təhlükə anlayışının yaranmasını sürətləndirə bilər”, – deyə Turan Rzayev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada