Təhlükəsizlik təhdidi: ABŞ diplomatları Səudiyyə Ərəbistanından çıxarılırlar

Təhlükəsizlik təhdidi: ABŞ diplomatları Səudiyyə Ərəbistanından çıxarılırlar
13:59

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanında fəaliyyət göstərən bəzi diplomatlara və digər dövlət işçilərinə bu ölkəni tərk etməklə bağlı tapşırıq verib.

News365.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Dövlət Departamenti fövqəladə vəzifələrə aid olmayan tapşırıqları yerinə yetirən ABŞ dövlət qulluqçularına, həmçinin onların ailə üzvlərinə təhlükəsizlik təhdidi səbəbi ilə Səudiyyə Ərəbistanını tərk etməyi tapşırıb", - deyə məlumatda bildirilib.

ABŞ hakimiyyəti daha əvvəl vətəndaşlarına İranın raket və PUA hücumları təhlükəsi səbəbindən Səudiyyə Ərəbistanına səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə etmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Sizin reklam burada
Sizin reklam burada