Bu cür xəstəxanaları düşmənimə də arzulamıram- Tural İrfan yazır
Cəmiyyət
09:23
Xəstəxanaların işdən çıxarılan baş həkimləri həbs olunmalıdır. Çünki onların yol verdiyi nöqsanlara görə bir çox xəstə həyatını itirib, şikəst edilib.
İnsan taleyi, insan həyatı ilə oyun oynayırlar.
Xəstəxanalarda elə dəhşətli hadisələrlə qarşılaşıram ki, məqalə ilə ifadə etməyə söz yetmir.
İcbari Tibbi sığortanın adı qalıb. Yenə də pul yığılır. İşi düz apara bilmirlər. Xəstələr növbələrdə özünə ölüm arzulayır. Tibbi sığortanı acıq çıxmaq vasitəsi kimi istifadə edirlər.
Boynunda minlərlə günahsız xəstənin qanı, günahı olan minlərlə həkim var ki, vəzifələri artırılır. Adicə "hörmət" edilməyən tibb bacısı yaranın sarğısını elə qəzəblə sökür ki, xəstənin naleyi-fəryadı ərşə bülənd olur. Baş həkim də xəstələri, şikayətçiləri qəbul etmir ki, dərdini desin. Səhiyyə sistemi işgəncə sisteminə çevrilib. Daha çox qazanc götürmək üçün yüngül xəstələri də əməliyyata yollayıb şikəst edirlər. Həkimin törətdiyi cinayəti sübut etmək üçün vasitəıər mürəkkəb və çətindir. Xəstə can hayındadır, sübut toplamaq hayında yox. Bir sözlə, kəsdikləri başa sorğu yoxdur. Elə asan düzüb-qoşub altından çıxırlar ki... Hamının da həkimə düşür deyə hər yerdə dayıları, adamları, arxaları var.
Xəstəxanalarda adamlar qan ağlayır. Rəhm, mərhəmət, insanlıq, humanizm mövzusundan danışanda adama gülürlər. Vəhşilik, qəddarlıq, amansızlıq, rəhmsizlik baş alıb gedir. İcra başçıları otağından aparılır. Niyə bircə baş həkim yaxud rüşvət alan həkim xəstəxanadan həbs olunmur? Qoy ibrət olsun başqalarına. İlan ulduz görməsə ölərmi? Əgər ölsə idi bu həngamə nədən ötrüdür? Nə qədər bunu çıxarıb onu qoymaq olar? Təbib rəhbərliyi yenə 5 baş həkimi çıxarıb. Örüş dəyişməklə iş həll olunmaz.
Çox adam bu cür səhiyyəyə müraciət edib işgəncə görməkdənsə evində ayağını uzadıb daş dövründəki kimi ölməyi üstün tutur. Qınamıram. Zülümdür. İcbari sığorta xəstələrə yox, qaniçən həkimlərə sərf etdi. Yazıq xəstələr yenə də zülüm çəkir. Sığorta sistemi tətbiq olunanda ciddi nəzarət olmalı idi ki, sağlam şəkildə inkişaf etsin. Amma təəssüf ki, yenə də köhnə qayda qayıtdı.
Bu cür xəstəxanaları düşmənimə, heç Paşinyanına da arzulamıram. Bağrı yarılıb ölər. Sülh müqaviləsi imzalananadək bizə lazımdır...