Təbliğata milyonlar xərclənir, amma turist axını ibəil azalır- SƏBƏB BİLİNDİ

Təbliğata milyonlar xərclənir, amma turist axını ibəil azalır- SƏBƏB BİLİNDİ
09:55

“Moskva yaxın bir-iki il ərzində Azərbaycana səfər edən rusiyalı turistlərin sayında tarixi rekorda imza atmağı planlaşdırır”.

Bunu Bakıda keçirilən “Xəzər regionuna investisiyalar” adlı işgüzar paneldə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.

Diplomat qeyd edib ki, Rusiya uzun illərdir ki, Azərbaycanın turizm bazarında əsas pay sahiblərindən biridir:

“Coğrafi yaxınlıq, vizasız rejim və dil maneəsinin olmaması bu axını sürətləndirən əsas amillərdir. Rusiya gələn il (2027) və ya ən geci növbəti iki il ərzində Azərbaycana gələn rusiyalı turistlərin illik sayını 1 milyon nəfərə çatdırmağı hədəfləyir. Bu hədəfə çatmaq üçün Rusiya tərəfi turist axınının sabit və dayanıqlı artımını təmin edəcək xüsusi təşviq tədbirlərini davam etdirəcək”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə Azərbaycana dünyanın 189 ölkəsindən 2570,2 min və ya əvvəlki illə müqayisədə 2,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 23,9 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 8,1 faizi İran, 6,5 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,1 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,7 faizi İsrail, 2,5 faizi Çin, 2,4 faizi Özbəkistan, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 faizi digər ölkələrin vətəndaşları olub.

Göründüyü kimi ötən il ölkəmizə ən çox turist Rusiyadan gəlib. Amma 160 milyona yaxın əhalisi olan bir ölkədən il ərzində cəmi 107 min turistin gəlməsi heç də yaxşı göstərici sayıla bilməz.

Nəzərə alaq ki, Türkiyə 2025-ci ilin yanvar ayından avqust ayına qədər Rusiyadan 4.554.395 nəfər turist qəbul edib.

Rusiya vətəndaşları 2025-ci ildə Gürcüstana təxminən 1,3 milyon turist səfəri edib ki, bu da 2024-cü il göstəricilərini 13,1% üstələyərək rekord qırıb.

Rusiyadan Ermənistana gələn turistlərin sayı isə təxminən 938 min nəfər təşkil edib ki, bu da ümumi turistlərin 43%-ni təşkil edir.

Göründüyü kimi ötən il Türkiyəyə səfər edən rus turistlərin sayı ölkəmizə gələn rus turistlərin sayından ən azı 50, Gürcüstana gələnlərin sayı 13, Ermənistana gələnlərin sayı isə 9 dəfə çox olub.

Bu rəqəmlər üzərində düşünməyə ehtiyac var.

Nəzərə alaq ki, Rusiyalı turistlərin sayının maksimum həddə çatması üçün kifayət qədər imkanlar var. Ölkələr arasında ticarət və xidmət əməliyyatları uğurla milli valyutalarla həyata keçirilir. Bakıdan manatla göndərilən vəsait cəmi 1.5 saat ərzində Rusiya bankındakı hesaba rubl olaraq oturur. Bu sürətli və rəqəmsal konvertasiya regionda fəaliyyət göstərən iş adamları və gələcək turistlər üçün maliyyə əməliyyatlarını maksimum dərəcədə asanlaşdırır.

Onu da qeyd edək ki, Azərbaycan, xüsusən də Xəzər sahilləri tarixən Rusiyalı turistlərin açın etdiyi ən çox bölgələrdən biri olub. Lakin təşviq işinin zəif təşkili Rusiyalı turistlərin qonşu ölkələrə axınına səbəb olub.

Ən pisi də odur ki, müvafiq qurumlar bazarlamada düzgün mövqe seçmir. Axı biz nə qədər istəsək də Avropadan, Amerika qitəsindən və Şərqi Asiya ölkələrindən ölkəmizə güclü turist axını olmayacaq. Bunun bəlli səbəbləri var. Amma Rusiyanın turagentləri ilə müqavilələr bağlamaqla qısa zamanda yüzminlərlə turistin ölkəmizə gəlişinə nail ola bilərik.

Amma neyniyək ki, Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) bu məsələdə yanlış istiqamətə baxır. Məsələn, Agentlik 2026-cı il ərzində “Euronews” kanalında təbliğat xarakterli məlumatların yerləşdirilməsi xidmətlərinə 1,7 milyon manat xərcləyəcək. 

Bu hesaba da Avropalı turistlərinə Azərbaycanın turizm potensialı təşviq ediləcək.

Başqa bir detal.

Dövlət Turizm Agentliyi (DTA) daha 11 ölkədən olan jurnalist, bloqer və turizm şirkətləri üçün ilin əvvəllərində tender elan etdi. Tenderin məqsədi Böyük Britaniya, İrlandiya, Polşa, Çexiya, Macarıstan, Yunanıstan, İspaniya, İtaliya, Fransa, Cənubi Koreya və İsraildən olan jurnalistlər, bloqerlər, həmçinin turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkilini həyata keçirtməkdir.

Bunun üçünsə 1 milyon 705 min 801 manat büdcə vəsaiti xərclənəcək.

Qeyd edək ki, bundan daha əvvəl digər ölkələrdən olan jurnalistlər, bloqerlər, həmçinin turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili ilə bağlı Agentlik 2 milyon 173 min 201 manat dəyərində tender elan etmişdi.

Lakin aparılan təbliğatın və xərclənən milyonların müqabilində ölkəmizə turist axını ilbəil azalır.

Məsələn. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azalıb.

Ona görə də biz turist axınına nail olmaq üçün Avropaya, Amerikaya yox, Rusiyaya. Ukraynaya, Hindistana, Çinə və digər yaxın ölkələrə baxmalıyıq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada