Son vaxtlar Türk Dövlətləri Təşkilatı ətrafında gəzən spekulyasiyalar, xüsusən də bəzi türk dövlətlərinin Kiprin yunan hissəsində səfirlik açması ilə daha da qızışıb. Mövzu barədə məlumatlı olmayanlar da səs-küyə qoşularaq türk dövlətlərinə qarşı geniş təbliğat kampaniyası aparırlar. Mərkəzi Asiya ölkələrinin bu addımı doğrudan da mübahisəlidir və açıq müzakirəyə ehtiyac duyur. Görünür, Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında gedən danışıqlar və imzalanacaq sənədlərin detalları diplomatik kanallar vasitəsilə Türkiyə və Azərbaycanla bölüşülüb.Ona görə Türkiyə dövlət səviyyəsində məsələyə kəskin reaksiya vermədi.
Bu diskussiyaların özü göstərir ki, TDT-də islahat mütləqdir. Hazırda Təşkilatın ən ali qərarverici orqanı prezidentlər səviyyəsində ildə bir neçə dəfə keçirilən sammitlərdir. Arada isə fəaliyyət əsasən işçi qruplar və katiblik səviyyəsində davam edir.Ağsaqqallar şurası isə sadəcə müzakirə klubudur və onun ciddi qərar qəbul etmək kimi mexanizmi mövcud deyil. Belə mexanizm hökumətlərin operativ müdaxiləsi tələb olunan məsələlərin sammitlərə qədər yubanmasına gətirib çıxarır.
Hesab edirəm ki, Ali Zirvə ilə katiblik arasında vitse‑prezidentlər və baş nazirlər səviyyəsində xüsusi hökumətlərarası platformanın yaradılması vacibdir. Bu platforma:
-Cari məsələləri sammiti gözləmədən müzakirə edib operativ qərar qəbul edə bilər;
-Qəbul olunan qərarları birbaşa icra hakimiyyətlərinə yönləndirər;
-Prezidentlər səviyyəsində müzakirəyə dair mövzuların filtrasiyasını təmin edər və dövlət başçılarını daha strateji mövzulara fokuslamağa imkan verər.
Analoji nümunələr göz önündədir, Avrasiya İqtisadi İttifaqında baş nazirlər ildə 4–5 dəfə toplanır, büdcə, icra orqanlarının koordinasiyası və digər sənədləri sürətlə təsdiqləyirlər. MDB və ŞƏT-də də bənzər mexanizmlər mövcuddur. Deməli, TDT‑də də vitse‑prezidentlər və baş nazirlərin daim toplaşdığı struktura keçid həm çevikliyi artırar, həm də Təşkilatın “sammitdən sammitə” ritmindən çıxmasına kömək edər.
Təklif olunan modeldə daimi üzvlərin sayına uyğun olaraq il ərzində azı 4–5 belə görüş keçirmək mümkündür. Bu, TDT-nin operativliyini yüksəldər və təşkilatın müasir geopolitik çağırışlara adekvat cavab verməsini təmin edər.