Ədalət Partiyasının qurultay hazırlıq üzrə Təşkilat Komitəsi növbəti bəyanatını yayıb.
Ədalət Partiyasından News365.az-a təqdim edilən bəyanatda deyilir ki, Ədalət Partiyasının Ali Məclisinin aprelin 19-da keçirilmiş iclasında 17 may 2025-ci ildə Ədalət Partiyasının növbəti IX Qurultayının keçirilməsi haqqında qərar qəbul edilmiş və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdır.
Ali Məclis sədri və müavinlərinin məlumatları olmasına baxmayaraq, iclasa planlı şəkildə gəlməyiblər, bununla da iclası pozmağa çalışıblar. Bu alınmadıqda isə qərara veto qoyulması barədə bəyanat yayıblar: “Bəyanatda göstərilənlərdən heç biri əsas vermir ki, Ali Məclisin qərarına veto qoyulsun. Birincisi, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı vacib deyil, çünki Siyasi Şura üzvləri Ali Məclisin üzvləri deyil və yalnız dəvət edildikləri halda iclasa qatıla bilərlər.
İkincisi, Ali Məclis sədri, onun müavinləri bilərəkdən iclasa gəlməmiş, sağlam rəqabət aparmaq əvəzinə partiyanın ofisinin kilidini dəyişərək, iclasın baş tutmasına əngəl olmağa çalışmışlar. Onlar iclasda iştirak etmədiyi halda partiya Nizamnaməsinə əsasən iclas səlahiyyətli hesab olunur və buna görə, onun qərarlarına veto qoyula bilməz. Ali Məclisin 19 aprel 2025-ci ildə keçirilən iclasında Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və bununla da Ali Məclisin səlahiyyətlərinə son verilib, onun sədrinin də səlahiyyət müddəti bitibdir. Beləliklə, 19 aprel 2025-ci il tarixdən etibarən Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir. Bütün səlahiyyətlər Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə və onun sədrinə keçib”.
Bəyanatın sonunda Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi rayon təşkilatlarını 17 may 2025-ci ildə keçiriləcək Qurultayda fəal iştirak etməyə çağırıb.