“Toplum TV” işi üzrə məhkəmə prosesi başlayıb

“Toplum TV” işi üzrə məhkəmə prosesi başlayıb
14:04

“Toplum TV” işi üzrə ittiham olunan şəxslərin cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

News365.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında əvvəlcə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Bu iş üzrə “Toplum TV”nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli və digər 9 nəfər mühakimə edilir. Onların hamısı həbsdədir. 

Təqsirləndirilən şəxslər cinayət işinə xitam verilməsini, əks halda seçilmiş qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Eyni vəsatətlə bağlı Ələsgər Məmmədli müttəhim kürsüsündən çıxış edib. Təqsirləndirilən şəxs ittihamları qəbul etmədiyini, yekunda bəraətini alacağına ümid etdiyini deyib: “Mənə qanunsuz sahibkarlıq, qaçaqmalçılıq və digər ittihamlar verilib. Amma mən sadəcə müəllim işləmişəm. Bir dənə avtomobilim var, onun da üstünə həbs qoyulub. Vəkillərimlə tam razıyam. Hər gün təcridxanada televizora baxıram. Təəssüf edirəm, şəklimi qoyub yazırlar ki, qaçaqmalçıdır”.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər hələ ki, vəsatətlərin heç biri ilə bağlı qərarı elan etməyib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 6 maddəsi ilə ittiham edilirlər. Bunlar Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 192.3.2 (qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə), 213.2.1 (vergidən yayınma-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 162-1-ci (əmək müqaviləsi olmadan işçilərin hər hansı işə cəlb edilməsi) maddələridir. 



Sizin reklam burada
Sizin reklam burada