Kartof ucuzlaşacaq?

Kartof ucuzlaşacaq?
13:52

Azərbaycanda yeni mövsümün başlamasına baxmayaraq, kartofun qiyməti baha olaraq qalır.

Hazırda bazarlarda kartofun qiyməti 1,7-2 və hətta 3 manat arasında dəyişir. Bu isə ötən illə müqayisədə qiymətlərin ikiqat baha olduğunu göstərir. Yeni kartof isə 3-4 manat civarındadır.

Maraqlıdır ki, xarici ölkələrdə kartof kifayət qədər ucuzdur. Məsələn, Polşada 44-90, Niderlandda 49, Belçikada 32. İspaniyada  79,  Ukraynada isə 93 qəpikdir. Çexiya, Polşa, Estoniyada 1 kq kartofun satış qiyməti isə ortalama 0.80 manatdIr.

Bəs, ölkəmizdə kartof niyə bu qədər bahadır?

Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, kartofun bu yaz çox baha olması ötən il məhsuldarlığın aşağı olması ilə bağlıdır:

“Ötən il qeyri-sabit hava şəraiti kartofçuluğa ciddi ziyan vurdu. Nəticədə daha az məhsul tədarük edildi. Hazırda da bazardakı ötənilki məhsullardır. Ona görə də qiymət çox bahadır. Doğrudur, bazarda faraş kartofa da rast gəlinir. Bu isə o qədər çox deyil. Son bir ayda yağıntıların çox olması faraş kartofun tədarükünü ləngitdi. Bu da kəskin qiymət artımına səbəb oldu”.

Müsahibimiz onu da qeyd edib ki, daxili ehtiyacın bir hissəsi idxal hesabına ödənilir:

“Aprel ayında da idxalçılar daha az kartof idxal edir. Çünki yerli istehsal bazara daxil olan kimi idxal edilən kartof kəskin ucuzlaşacaq. Bu səbəbdən iş adamları ehtiyatlı davranırlar. Təbii ki, həm idxalın azalması, həm də faraş kartofun ləngiməsi bazarda qıtlıq yaradıb. Bu səbəbdən qiymətlər çox bahadır. Amma bu uzun sürməyəcək. Gələn həftədən bazara daxil olacaq faraş kartof qiymətləri xeyli ucuzlaşdıracaq”.


Sizin reklam burada
Sizin reklam burada