Sumqayıtda küçə ticarətinə qarşı mübarizə üsuluna partiya sədrindən etiraz: “Bu kafada olan məmurlar iqtisadiyyatı boğur”
"Vsyo, qoyun maşına" - bunu deyən məmur kimdir, bilmirəm, amma Azərbaycanın düşməni, iqtisadiyyatın qatılı, qanunsuzluğun simvoludur. Güya, səkidən keçən vətəndaş qədrinimi bilir - ay-hay, yaxşı, bu məmur nə haqla sahibkarın malını müsadirə edir? Hansı qanunla, rəsmi qərarla?”.
Bunu son günlər sosial şəbəkələrdə geniş müzakirə olunan- Sumqayıt şəhərində küçə ticarətinə qarşı mübarizə üsuluna münasibət bildirən REAL Partiyasının sədri Natiq Cəfərli özünün sosial səhifəsində yazıb.
O, əlavə edib ki, mağazanın qarşısına mal çıxartmaq olmaz - tamam, qərar göstər, kağız təqdim elə:
“O məzlum, susqun sahibkarın əlindən malını niyə alırsan, alıb hara aparırsan? Yaxşı, burda malı mağazanın qarşısına çıxartmaq olmazsa, niyə şəhərin 1000 yerində olar? Hansı qanun bunu tənzimləyir, bu məmləkətdə yazılmış, hamının bildiyi, hamının əməl etdiyi qaydalar nə zaman olacaq?! Yazılmış qaydalara hardan baxmaq olar?! Yoxsa, məmur özünü qanun, məhkəmə, hakim sayır?! Belə yanaşma, bu kafada olan məmurlar iqtisadiyyatı boğur - anlamırsız bunu?!”.
Nəzərə alaq ki, küçə ticarətinə qarşı mübarizə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun aparılır. Və həmin məcəlləyə uyğun olaraq qanunu pozan şəxs 80 manat cərimə olunur.
Bununla bərabər hər bir sahibkarın malının toxunulmazlığı qanunla müdafiə olunur. Heç kəs məhkəmənin qərarı olmadan kiminsə malını müsadirə edə, götürə bilməz. O cümlədən də Sumqayıt şəhər İcra Hakimiyyətinin işçisi də. Bu cür hərəkətlər qanunazidd olmaqla bərabər, dövlət qurumlarının nüfuzuna ciddi zərbə vurur.
Hesab edirik ki, Sumqayıt şəhər İcra Hakimiyyəti məsələyə obyektiv münasibət göstərəcək və günahkarlar cəzalandırılacaq.
News365.az