"İşləyən pensiyaçılara pensiya kapitalının hesablanması əmək pensiyaları haqqında qanun əsasında həyata keçirilir."
Millət vəkili Vüqar Bayramov bu sözləri News365.az-a açıqlamasında deyib. O bildirib ki, işləyən pensiyaçının əmək fəaliyyəti dövründə topladığı pensiya kapitalı onun gələcəkdə alacağı pensiya məbləğinə təsir göstərir:
"Bu kapital qanunvericiliyə əsasən hər 6 ildən bir hesablanır və müvafiq qaydada vətəndaşın aylıq pensiyasına əlavə edilir.
Qanuna görə, 6 il ərzində hesabda toplanmış vəsait 72-yə bölünərək, çıxan məbləğ pensiyaçıya hər ay veriləcək pensiyaya əlavə olunur. Məsələn, əgər pensiya yaşına çatmış bir şəxs işləməyə davam edərsə və 6 ildən sonra onun fərdi hesabında 20 min manat pensiya kapitalı toplanarsa, bu məbləğ 72-yə bölünür və ayda təxminən 278 manat pensiyasına əlavə olunur.
Bu proses növbəti 6 ildən bir təkrarlanır. Yəni, 12-ci ildə (ikinci 6 il tamamlandıqda) yenidən yığılan pensiya kapitalı hesablanır və onun aylıq pensiyasına əlavə edilir. Bu baxımdan, işləməyə davam edən pensiyaçıların hesabında formalaşan əlavə kapital onların pensiya məbləğində artıma səbəb olur".
News365.az