Şəkərsiz qidalanma zaman-zaman populyar olsa da, əksər insanlar bunu gündəlik vərdişlərinə çevirməkdə çətinlik çəkir. Bəs, şəkəri həyatımızdan tamamilə çıxarmalıyıqmı? Şəkər niyə bu qədər zərərlidir? Bir ay ərzində şəkər istehlak etməsək, bədənimizdə hansı dəyişikliklər baş verər?
Qidalanma mütəxəssisi Rhian Stephenson bildirir ki, həddindən artıq şəkərin təsirləri sistematik nəticələr doğurur. O, bu barədə deyir: “Şəkər immunitet sistemini zəiflədir, əhval-ruhiyyəni dəyişir, maddələr mübadiləsində balanssızlıq yaradır və iltihablanmanı artırır. Həddindən artıq şəkər qəbul etdikdə, pankreas onu qan dövranından çıxarmaq üçün daha çox insulin ifraz edir. Lakin hüceyrələrimiz bu təsirə qarşı müqavimət göstərməyə başlayır və nəticədə qan şəkərini tənzimləmək üçün daha çox insulin tələb olunur. Pankreas kifayət qədər insulin istehsal edə bilmədikdə isə 2-ci tip şəkərli diabet inkişaf edir.”