Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər Azərbaycanın gələcək sosial-iqtisadi inkişaf prioritetlərini ortaya qoyur.
Bu fikirləri News365.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Onun sözlərinə görə, dövlət başçısının çıxışı təkcə aqrar sektorla bağlı hesabat xarakteri daşımır, həm də regionların inkişafı, ərzaq təhlükəsizliyi və urbanizasiya siyasəti ilə bağlı strateji mesajlar ehtiva edir.
Politoloq bildirib ki, Prezidentin “kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlamalıdır” fikri çıxışın əsas istiqamətlərindən biri olub. O qeyd edib ki, dünyada urbanizasiya artıq ciddi problemə çevrilib və kəndlərin boşalması həm kənd təsərrüfatına, həm də şəhər infrastrukturuna mənfi təsir göstərir.
Züriyə Qarayeva hesab edir ki, Azərbaycan kəndləri yalnız aqrar istehsal məkanı deyil, həm də yaşayış və məşğulluq baxımından cəlbedici mühitə çevirməyə çalışır.
Ekspert diqqətə çatdırıb ki, Prezident çıxışında kənd təsərrüfatındakı problemləri də açıq şəkildə etiraf edib. Xüsusilə buğda üzrə özünütəminetmə səviyyəsinin 55 faiz olması və bəzi məhsullar üzrə idxaldan asılılığın qalması ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.
Politoloqun fikrincə, müharibələr, iqlim dəyişiklikləri və qlobal logistika problemləri fonunda ərzaq təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsinə çevrilib.
O vurğulayıb ki, müşavirədə səsləndirilən rəqəmlər Azərbaycanın aqrar potensialının böyük olduğunu göstərir. Meyvə-tərəvəz, şəkər, yumurta və fındıqçılıq sahələrində ixrac imkanlarının genişlənməsi digər istiqamətlərdə də uğurlu nəticələrin əldə olunmasının mümkünlüyünü ortaya qoyur.
Züriyə Qarayeva qeyd edib ki, aqroparklar, intensiv bağçılıq, müasir suvarma sistemləri və süni intellekt texnologiyalarına diqqətin artırılması aqrar sektorun texnoloji mərhələyə keçidindən xəbər verir.
Politoloq əlavə edib ki, Prezident çıxışında dövlət və özəl sektor əməkdaşlığına da xüsusi önəm verib. Onun sözlərinə görə, kənd təsərrüfatına yerli və xarici investorların cəlb olunması bu sahənin iqtisadi və investisiya baxımından prioritet istiqamətlərdən birinə çevrildiyini göstərir.
Ekspert həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin regionların inkişafı və kənd təsərrüfatının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını bildirib.