Bu gün xidmət
təşkilatlarından- “Azəriqaz” İB, “Azərişıq” ASC və İri Şəhərlərin Birləşmiş Su
Təhzicatı Xidmətindən əsas narazılıqlardan biri sayğacla bağlıdır. Çünki
sayğaclar tez-tez dəyişdirilir. Və bu barədə abonentə heç bir məlumat verilmir.
Müəyyən
olunmuş normativə görə sayğaclar 3-5 ildən bir dəyişdirilir. Nəzərə alaq ki,
hazırda “Azəriqaz” İstehsalat Birliyinin
ümumi abonentlərinin sayı 2 milyon 600 mindən, "Azərişıq" ASC-nin abonentlərinin
sayı 2 milyon 800 mindən, İri Şəhərlərin Birləşmiş Su Təhzicatı Xidmətinin abunəçilərinin
sayı isə 1 milyon 800 mindən artıqdır. Bu da o deməkdir ki, ölkə üzrə ümumi
sayğacların sayı 7 milyondan artıqdır. Və hər 3-5 ildən bir bu qədər sayğacın dəyişdirilməsi
dövlət büdcəsinə çox böyük ölçüdə zərər vurur.
Maraqlıdır
ki, kommunikasiya xətləri, paylayıcı qurğular və digər avadanlıqlar uzun illər
istismar edilir. Və onların dəyişdirilməsi üçün heç bir şərt yoxdur. Amma nədənsə
sayğacların dəyişirilməsi xüsusi tələbdir.
Təbii ki, bu
da müəyyən suallar doğurur.
Mövzu ilə
bağlı News365.az- a danışan ekspert Nüsrət Qasımlı deyib ki,
sayğacların istismar müddəti 15 ildir:
“Amma
sayğaclar 5 ildən bir dövri müayinə olunmalıdır. Çünki işlək prosesdə sayğacda hər hansı bir problem yarana bilər. Ona
görə də sayğacların dövri müayinəsi vacibdir. Sayğac müayinəyə götürülmə və
müayinə prosesində abonent şəxsən iştirak etməlidir. Çünki bir çox hallarda
abonentin xəbəri olmadan nəinki sayğac müayinəyə götürülür, hətta dəyişdirilir.
Bu da haqlı narazılıq yaradır. Bir daha deyirəm ki, sayğaclar 5 ildən bir
müayinə olunmalı, 15 ildən bir dəyişdirilməlidir”.
Bəs bir
sayğacın alınması neçəyə başa gəlir?
Nəzərə alaq
ki, qaz və su sayğacları əsasən ölkəmizdə istehsal olunur. "Gəncə
Cihazqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti artıq bu sahədə ixtisaslaşıb. Ona
görə də sayğacın qiymətini öyrənmək üçün zavodla əlaqə saxladıq.
Zavoddan
bildirildi ki, sayğacların qiyməti kommersiya sirridir:
“Ona görə də
qiyməti açıqlaya bilmərik”.
Apardığımız
bazar araşdırmalarına görə mexaniki sayğacın komplektinin qiyməti 100 manat
civarında smart kart tipli sayğaclarınsa qiyməti 200-250 manat arasında dəyişir.Bu
da o deməkdir ki, sayğaclaşmaya hər 3-5 ildən bir 100 milyonlarla vəsait xərclənir.
Görəsən həmin vəsaiti işıq, qaz və su xətlərinin dəyişdirilməsinə xərcləmək olmazmı? Axı sosial-iqtisadi baxımdan bu daha məntiqli görünür.
News365.az