Onlayn qumarda əldə edilən pulu leqallaşdırmaqda təqsirləndirilən şəxslər - Murad Xudiyev və Bəhruz Əkbərovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
News365.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz qumar oyunlarından əldə edilmiş ümumilikdə 41 milyon 223 min 167 manat pulu leqallaşdıraraq müxtəlif bank kartlarına köçürüblər.
Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək onlara qarşı elan edilmiş ittihamla özlərini təqsirli bilməyiblər.
Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.