Bakıda növbəti söküntü qalmaqalı baş verib. Nəsimi rayonu, Novruzov qardaşları 55 ünvanında yerləşən ərazidə aparılan söküntü zamanı sakin şirkətə məxsus texnikanı yandırıb. Nəticədə tikinti şirkətinə 210 min manat ziyan dəyib. Hadisəni törədən şəxs – Əsəd Quliyev həbs olunub.
Son illər paytaxtda söküntü işlərinin intensivləşməsi fonunda vətəndaşlarla mülki tikinti kooperativləri (MTK) arasında yaşanan narazılıqlar artmaqdadır. Əksər hallarda tərəflər ya təklif olunan kompensasiyanın məbləğindən, ya da mənzilin kvadrat ölçülərinin düzgün hesablanmamasından narazı qalır və mübahisələr məhkəməyə qədər gedib çıxır.
Məlum hadisə zamanı Əsəd Quliyev bacısının evində kirayə yaşadığı bildirilib. Ev sahibi ilə tikinti şirkəti arasında kompensasiyaya görə məhkəmə prosesi davam edərkən, Quliyev qonşuluqda söküntü aparan texnikaların yaratdığı səs-küyə etiraz məqsədilə ekskavatoru yandırıb. Texnika tamamilə yanaraq yararsız hala düşüb.
Memar Cahid Həsənov bildirir ki, vətəndaşla razılaşma əldə olunmadan digər evlərin sökülməsi hüquqi və etik baxımdan suallar doğurur. Bu cür hallarda həm sakinlərin hüquqları, həm də tikinti prosesinin qanunauyğun aparılması mühüm əhəmiyyət kəsb edir.
Ətraflı sujetdə: