İstanbul Cumhuriyyət Baş Prokurorluğu, sosial mediada 2 aprel tarixində İBB və bəzi rayon bələdiyyələrinə qarşı “boykot” çağırışları edən 21 nəfər barədə cinayət işi açıb.
News365.az xəbər verir ki, aralarında tanınmış aktyor Cem Yiğit Üzümoğlu da var.
İddianamədə qeyd edilir ki, bu şəxslər tərəfindən yayılan boykot çağırışları, ölkədəki ticarət fəaliyyətlərinin dayandırılması məqsədi daşıyıb. İstintaq zamanı müəyyən edilib ki, həmin paylaşımlar toplumun birliyinə zidd olub və sosial sinif fərqliliklərinə əsaslanaraq müəyyən qruplar arasında düşmənçilik yaratmağa səbəb olub.
Sənəddə vurğulanır ki, bu söz və hərəkətlər cəmiyyəti parçalamaqla yanaşı, ictimai təhlükəsizliyə də ciddi təhdid təşkil edir və geniş kütlə arasında nifrət və qarşıdurmanı artırır.
Şübhəlilər barəsində 7 il 6 aya qədər həbs cəzası istənilir.