Xalq artisti Afaq Bəşirqızı gənclərin işsizlik problemi və təhsilə yanaşma ilə bağlı cəmiyyətə səslənib. Onun sözlərinə görə, bəzi valideynlər övladlarının hər hansı bir işi görməsini təhqir kimi qəbul edir, halbuki hazırkı dövrdə əmək bazarının reallıqları tam fərqlidir.
“Öz uşağım diplomla, magistr təhsili ilə qalıb işsiz. Heç bir prokuror öz oğlunu işdən çıxarıb, sənin oğlunu onun yerinə qoymayacaq. Deyirsən, ‘gəl bu işi gör’, cavab verir: ‘mən hambalam?!’. Anlamır ki, indi iş budur, reallıq budur”, – deyə sənətkar bildirib.
Afaq Bəşirqızı onu da qeyd edib ki, bir çox ailələrdə təhsil daha çox prestij məsələsi kimi qəbul olunur:
“Bizdə belə bir adət var – nəyin bahasına olursa-olsun, filankəsin acığına uşağım ali məktəbə daxil olmalıdır. Amma sonra o diplom heç bir işə yaramır.”