Bakıda qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yelunlaşdığı elan olunub.Dövlət ittihamçısı çıxış edərək Arzuman Əsədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib.
Vəkil çıxışında təqsirləndirilənə yüngül cəza verilməsini xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Arzuman Əsədova 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin olunub. Həmin cəza şərti hesab olunub və ona 2 il sınaq müddəti təyin edilərək məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.
Əsədov Arzuman İsmayıl oğlu ilə qohumu Əliyev Ramo Rövşən oğlu arasında 40 manat borca görə münaqişə yaranıb. Yaranmış münaqişə zamanı A.Əsədov bıçaqla R. Əliyevə xəsarətlər yetirib.
Fakta görə cinayət işi başlanıb. A.Əsədova Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham elan olunub.