“Məhərrəmlik toy etmək haram deyil, bu qadağalar islamda yoxdur" - Fazil Mustafa

“Məhərrəmlik toy etmək haram deyil, bu qadağalar islamda yoxdur" - Fazil Mustafa
12:27

“Məhərrəmlikdə toy etmək olmaz” fikri insanlarda haradan formalaşıb? Belə bir qadağa nə Quranda, nə də İslam dinində mövcuddur. Bu, insanların özlərinin uydurduğu bir dindir – nə Peyğəmbər Məhəmmədə, nə də onun yoluna aidiyyəti olmayan bir anlayışdır. Hər kəs özündən bir qayda icad edə bilər, amma biz qaydaların mənbəyinə – Qurana baxmalıyıq. Quranda isə bu mənada heç bir qadağa yoxdur.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa News365.az-a açıqlamasında deyib. 

İnsanlara “mətəm ayı”, “mətəm günü” kimi anlayışlar sırınıb. Əgər bu, doğrudan da dini bir anlayış olsaydı, müsəlmanlar Peyğəmbərin vəfat gününü də hər il mətəm kimi qeyd edərdi. Deməli, bu düşüncə cəhalətdir, xurafatdır. Azərbaycanda isə bu kimi fikirlər məqsədli şəkildə yayılıb. Biz dünyəvi bir dövlətik, amma bəzi şəxslər dünyəvi dövlətin mahiyyətini və qorunma mexanizmini başa düşmürlər. Belə təzahürlər əslində dövlətin təməlini sarsıtmağa yönəlib. Bu səbəbdən də ortada heç bir dini əsaslı qadağa yoxdur.

İndiyə qədər Azərbaycanda yalnız bəzi yerlərdə toylara qeyri-rəsmi şəkildə icazə verilməyib. Hətta Ramazan ayında belə. Bəs niyə edilməsin? Əgər söhbət içkili məclisdən gedirsə, onsuz da bu, İslam dininə görə qadağandır. Amma toy etmək, sevinc paylaşmaq haram deyil. Toy – gözəl yemək, musiqi və ailə qurmaq deməkdir. Onda gəlin ailə qurmağı da qadağan edək? Axı insan bu iki ay ərzində bəlkə öz xoşbəxtliyini tapacaq – niyə qarşısını alırıq?

Ona görə də sırf cəhəngiyyat düşüncə, bu xurafat təfəkkürü və onu dəstəkləyən, xalqa yaltaqlanan bəzi diplomlu “ziyalılar” – bax, əsas problem budur. İnsanlar daha ağıllı, maarifçi və sağlam düşüncəli seçimlər etməlidirlər. Həyatlarını dünyəvi dövlətin və milli dəyərlərin üzərində qurmalıdırlar.

Din ideologiyaya çevrilə bilməz. Din – inancdır. Əgər kimsə hansısa başqa ölkənin dini-ideoloji təsirini, yaxud hansısa “intibah” axının elementlərini Azərbaycana gətirməyə çalışırsa, buna yol verilməməlidir. Biz həm öz dinimizə, həm də milli dəyərlərimizə sahib çıxmalıyıq. Başqasının dəyərini gətirib burada reallığa çevirmək düzgün deyil. Onun arxasınca getmək, onu öz həyatımıza tətbiq etmək doğru yanaşma deyil.” -deyə Fazil Mustafa vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada