"Ukrayna Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli silahlar tələb edir".
Politoloq Rəşad Bayramov News365.az-a açıqlamasında bildirib ki, Ukraynanın Rusiya ərazisinə hücumları yeni hadisə deyil və bu istiqamətdə əməliyyatlar uzun müddətdir davam edir. Onun sözlərinə görə, xüsusilə Kursk istiqamətində aktiv döyüşlər, həmçinin pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın dərinliklərindəki hərbi zavodlara və aerodromlara endirilən zərbələr artıq gerçəkləşib:
“Əslində, Ukrayna tərəfi Rusiya ərazisinə keçidi çoxdan həyata keçirir. Biz uzun müddətdir ki, Kursk istiqamətində gedən döyüşlərin, eyni zamanda dron hücumları ilə Rusiya ərazisindəki kritik hərbi obyektlərin vurulmasının şahidi olmuşuq.”
Politoloq qeyd edib ki, Ukraynanın “uzaqmənzilli hədəflərə zərbələri davam etdirəcəyik” açıqlaması həm də daxili auditoriyaya ünvanlanmış bir mesajdır:
“Bu mesajla Ukrayna rəhbərliyi beynəlxalq tərəfdaşlarına, xüsusilə də ABŞ və Avropaya bir siqnal verir: əgər biz Rusiya ərazisində daha təsirli əməliyyatlar aparmaq istəyiriksə, bunun üçün bizə uzaqmənzilli raketlər və texnika lazımdır.”
Bayramov əlavə edib ki, indiyə qədər Qərb ölkələri Ukraynaya əsasən müdafiə xarakterli silahlar göndərib. Lakin Ukrayna artıq hücum imkanlarını genişləndirmək üçün uzaqmənzilli silahlara ehtiyac olduğunu açıq şəkildə bildirir:
“Əgər Rusiya ərazisində ciddi itkilər baş verməzsə, Moskvanın hansısa güzəştə getməsi real görünmür. Bu baxımdan uzaqmənzilli texnika Ukraynanın hərbi strategiyasında həlledici rol oynayır,” – deyə politoloq vurğulayıb.