"İranda böhran dərinləşir: Rejim hər iki əsas vəzifənin öhdəsindən gələ bilmir" Politoloq

"İranda böhran dərinləşir: Rejim hər iki əsas vəzifənin öhdəsindən gələ bilmir" Politoloq
16:52

"İranda böhran dərinləşir: Rejim hər iki əsas vəzifənin öhdəsindən gələ bilmir".

Politoloq Xəqani Cəfərli News365.az-a açıqlamasında bildirib ki, İran hazırda dərin iqtisadi və sosial böhran yaşayır və bu böhran artıq siyasi böhrana çevrilməkdədir. Onun sözlərinə görə, bir neçə gün əvvəl ölkənin 200-ə yaxın tanınmış ictimai-siyasi xadimi Prezident Məsud Fezeşkiyana müraciət edərək dərin siyasi islahatlar aparmağa və idarəetmənin dəyişdirilməsinə çağırıb:

“Bu müraciət onu göstərir ki, ölkədəki iqtisadi və sosial çətinliklər tədricən siyasi böhranla nəticələnir. İran rejimi həm xalqın təhlükəsizliyini, həm də rifahını təmin edə bilmədiyi üçün ciddi legitimlik problemi yaşayır.”

Politoloq qeyd edib ki, bu vəziyyətin yaranmasında İsrail və ABŞ-ın İran ərazisində həyata keçirdiyi hücumlar və diversiya aktları da mühüm rol oynayır:

“İran xalqı rejimin ölkəni və cəmiyyəti xarici müdaxilələrdən qoruya bilmədiyini görür. Son aylarda İranda davamlı şəkildə partlayışlar, hücumlar baş verir. Bu isə onu göstərir ki, rejim ölkənin təhlükəsizliyini təmin etməkdə acizdir.”

Xəqani Cəfərli əlavə edib ki, paralel olaraq ölkədə dərinləşən iqtisadi tənəzzül də xalqın gündəlik həyatına mənfi təsir göstərir:

“Hakimiyyətin ikinci əsas vəzifəsi – xalqın rifahının təmin edilməsi məsələsində də rejim iflasa uğrayıb. Belə bir şəraitdə rejimin səmərəli şəkildə ölkəni idarə etməsi və hakimiyyətdə qalması olduqca çətin görünür,” – deyə politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada