Şahin Diniyev: "Hər xəbərə reaksiya versək..."

Şahin Diniyev: "Hər xəbərə reaksiya versək..."
29 Okt 2024 19:05

News365.az bildirir ki, "Səbail" klubunun baş məşqçisi Şahin Diniyev "Report"a müsahibə verib.

59 yaşlı mütəxəssis cari mövsüm Misli Premyer Liqasında arxada qalan oyunlardan və komandasının çıxışından danışıb. Hazırda 7 xalla 10 komandanın mübarizəsində 9-cu olan paytaxt təmsilçisinin çalışdırıcısı uğursuzluğun səbəblərini izah edib.

- Komandada hazırda vəziyyət necədir?

- Komandanın hazırkı durumu ürək açmır. Əhval-ruhiyyə istənilən kimi deyil. Turnir cədvəlindəki yerimizə və xal ehtiyatımıza baxanda hər şey görünür. Göstərdiyimiz oyunla yığdığımız 7 xal üst-üstə düşmür. Əslində "Səbail" yaxşı oyun sərgiləyir. Sadəcə, müəyyən epizodlarda bəxtimiz gətirmir. Premyer Liqanın XI turunda "Sumqayıt"la matçın sonlarında futbolçumuz penaltini dirəyə vurdu. Şansımız gətirməyəndə, bu amil futbolçulara psixoloji baxımdan mənfi təsir göstərir. Bizə bir qarşılaşma lazımdır ki, rahat qələbə qazanaq və özümüzə gələk. Təəssüf ki, heyətimiz geniş deyil. Düzdür, əlimizdə olan oyunçulardan razıyıq. Lakin hər birinə nə qədər yaxşı futbolçu desək də, turnir cədvəlindəki mövqeyimiz başqa vəziyyətdən xəbər verir. Futbolda əsas faktdır. Bəxtimiz də gətirsə, işlər qaydasına düşəcək. Xatırlatma üçün deyə bilərəm ki, "Sumqayıt"la səfərdə keçirdiyimiz matçın 90+2-ci dəqiqəsində qol buraxmışdıq. Hələ ki, 11 tur arxada qalıb. Komandanın potensialı var.

- Sizcə, 11 tura 7 xal aşağı göstərici deyil?

- Mən deyə bilmərəm ki, hər şey qaydasındadır və əla göstəricidir. Əlbəttə, 11 oyuna 7 xal azdır. "Görünən dağa nə bələdçi" məsəli var. Amma az əvvəl də qeyd etdim ki, göstərdiyimiz oyunla yığdımız xallar bir-birini tamamlamır. Futbolçularımız meydanda özlərini yaxşı tərəfdən göstərirlər, lakin bəxtimiz gətirməyəndə işlər yolunda getmir.

- Həftəsonu sizi "Kəpəz"lə vacib oyun gözləyir. Rəqib komanda ilə aranızdakı xal fərqini artıra biləcəksiniz?

- Həqiqətən də bizi "Kəpəz"lə gərgin görüş gözləyir. Onlar turnir cədvəlində bizə yaxınlaşmağa, biz isə uzaqlaşmağa çalışacağıq. Ən yaxşı oyunlarımızdan birini göstərmək istəyirik.

- "Səbail"in ötən mövsümlə müqayisədə gerilməyinin başlıca səbəblərindən biri nədir?

- Ötən mövsümlə müqayisədə heyətimiz tam dəyişib. Üstəlik, indi əsas heyətdə şans verdiyimiz futbolçuların əksəriyyəti gənclərdir. Daha çox 2001, 2002, 2003 təvəllüdlü futbolçuların xidmətindən yararlanırıq. Belə olan halda da ötən mövsümlə müqayisədə uğurlu nəticələr azalır. Amma zaman keçdikcə həmin futbolçular təcrübə qazanırlar və daha da yaxşı olacaqlar. Düşdüyümüz xoşagəlməz vəziyyətdən çıxacağımıza inanıram.

- Hazırkı nəticələrdən sonra rəhbərliklə müəyyən danışıqlarınız olub?

- Komanda zəif çıxış edirsə, yeni transferlərə ehtiyac duyulur. Zəif mövqelər gücləndirilir. Lakin indiki vəziyyətdə buna imkanımız olmadığı üçün gənclərlə davam edirik. Etiraf edək ki, hazırda faciəvi durumda deyilik. Komanda son sırada qərarlaşmayıb, üstəlik, ən yaxın izləyicimiz "Kəpəz"dən 4 xal qabaqdayıq. Razıyam ki, hazırkı durum bizim üçün həyəcan siqnalıdır.

- Mətbuatda istefaya göndəriləcəyinizlə bağlı xəbərlər tirajlanır. Hətta yerinizə namizəd olan baş məşqçilərin adları da çəkilir. Buna münasibətiniz necədir?

- Futbol aləmində yazılan hər xəbərə reaksiya versək, gərək işləməyək. Məsələyə ciddi yanaşmaq lazımdır. Baş məşqçini vəzifəyə təyin edən şəxs var. Bu səbəbdən mətbuatın nə yazdığı məni çox da maraqlandırmır. Mən hazırda bu komandanın baş məşqçisiyəm. Gələcəkdə nə olacaqsa, hər birimiz biləcəyik. Yazılanlar həqiqəti əks etdirmir.

- Mövsümün sonunda "Səbail" I Liqaya düşsə, bunu faciə adlandıra bilərik?

- Faciə ölümdür. Ölüm yoxdursa, bu, hadisədir. Hər halda, heç birimiz bunu istəmərik.


Youtube kanalımız

Oxşar xəbərlər