Ukrayna Müdafiə Qüvvələri Rusiyanın hərbi-sənaye kompleksinə məxsus strateji müəssisələrə koordinasiyalı zərbələr endirib.
News365.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi-sənaye kompleksinə aid əsas obyektlərə güclü hücumların həyata keçirildiyini təsdiqləyib.
Zərbələr əsasən Moskva və İvanovo vilayətlərində yerləşən müəssisələrə yönəlib.
“Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının mühüm hərbi-sənaye obyektlərinə zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) bölmələri Moskva vilayətinin Dubna şəhərində “Kronştadt” ASC-yə zərbələr endirib”, – deyə məlumatda bildirilir.
Obyektin yerləşdiyi ərazidə Rusiyanın hava hücumundan müdafiə sistemləri aktiv şəkildə fəaliyyət göstərsə də, zərbə uğurlu olub.
Qeyd olunan müəssisə “Orion”, “İnoxodets”, “Molniya”, “Qrom”, “Termit”, “Gelios”, “Sirius” kimi pilotsuz uçuş aparatlarının, eləcə də yerüstü idarəetmə komplekslərinin əsas istehsalçısıdır.
Eyni zamanda, UTX-yə məxsus Ukrayna dronları ayrıca olaraq “Raduga” zavoduna hücum edib. Bu zavodda Rusiya ordusunun Ukrayna şəhərlərinə və mülki infrastrukturuna dəfələrlə hücum etdiyi “X-101/555”, “X-69”, “X-59MK” tipli raketlər istehsal olunur.
Bundan əlavə, mayın 28-nə keçən gecə Moskva vilayətində yerləşən və Rusiya müdafiə sənayesi üçün mikroelektronika istehsal edən “Anqstrem” zavodu da hücuma məruz qalıb. Müəssisənin yerləşdiyi ərazidə dəqiq zərbə qeydə alınıb. Zavod Rusiya hərbi maşınının təchizatında mühüm rol oynayır.
Digər vacib hədəf isə İvanovo vilayətindəki “Dmitrov” Kimya Kombinatı olub. Bu müəssisə partlayıcı maddələrin, barıtın və raket yanacağının hazırlanmasında istifadə edilən üzvi kimyəvi maddələrin istehsalı ilə məşğuldur. Zavod ərazisində bir neçə partlayış qeydə alınıb.