"Rusiya və Ukrayna arasındakı müharibə də qiymət artımına təsir edir"- Əmlak eksperti

"Rusiya və Ukrayna arasındakı müharibə də qiymət artımına təsir edir"- Əmlak eksperti
12:20

"Qiymət artımı son illərdə dayanmadan davam edir. Əslində, bu proses 2021-ci ildən müşahidə olunur. Başlıca səbəb tikinti şirkətlərinin qiymətləri artırması ilə başladı və hələ də bu tendensiya davam edir. Əsas amillərdən biri işğaldan azad edilən ərazilərdə kütləvi inşaatın başlanması oldu ki, bu da strateji tikinti materiallarının, xüsusilə armaturun qiymətinin kəskin artmasına səbəb oldu. Armaturun qiyməti 1250 manatdan 1780 manata qədər yüksəldi."

Əmlak eksperti  Elnur Azadov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Bundan əlavə, digər tikinti materiallarının, o cümlədən sement və beton məhsullarının qiymətində də artımlar müşahidə olundu. Düzdür, armatur qədər kəskin bahalaşma olmasa da, bu materialların qiymətində təxminən 10-20% aralığında artım qeydə alındı. Paralel olaraq, tikinti və şəhərsalma normativlərinin sərtləşdirilməsi tikinti şirkətlərinin maya dəyərinə təsir etdi. Bununla yanaşı, tikinti materiallarının qıtlığı da bazarda problemlər yaratdı.

Rusiya və Ukrayna arasındakı müharibə də qiymət artımına təsir edən amillərdən biri oldu. Həmin bölgədə işləyən vətəndaşlarımızın ölkəyə qayıtması da bazara müəyyən dərəcədə təsir etdi. Tikinti şirkətləri isə yaranmış şəraitdən istifadə edərək qiymətləri yüksəltməyə davam etdilər ki, bu da daşınmaz əmlak sektoruna ciddi təsir göstərdi.

Ən böyük qiymət artımı 2022-2023-cü illərdə qeydə alındı – təxminən 15%. Son iki ildə isə artım orta hesabla 10% civarındadır. Bu bahalaşma vətəndaşların yığımlarına da təsir etdi. Bir çox insan daşınmaz əmlak almaq üçün ipoteka kreditlərinə müraciət etməyə başladı. Ən çox ipoteka kreditləri 2023-2024-cü illərdə verildi və hazırda da bu proses kifayət qədər aktivdir.

Bazar qeyri-sabit vəziyyətə düşdü, çünki təklif azaldığı halda, tələb yüksək olaraq qaldı. Nəticədə, daşınmaz əmlak bazarında qeyri-adi dinamika yaranaraq qiymət artımını daha da sürətləndirdi."


Sizin reklam burada
Sizin reklam burada