Ukrayna ilə danışıqlar masasında bir sıra vacib maddələr Rusiyanın razılığı olmadan irəli sürülüb və bu, Moskvanın mövqeyində gərginlik yaradıb. Xüsusilə qoşun kontingenti, qüvvələrdə məhdudiyyətlər və NATO ilə bağlı öhdəliklər əsas mübahisə mövzularındandır.
Politoloq Aydın Quliyev News365.az-a açıqlamasında bildirib ki, Ukrayna ilə danışıqlar zamanı bəzi maddələr Rusiyanın razılığı olmadan hazırlanıb və bu, Moskvanın mövqeyinə uyğun deyil.

Quliyev qeyd edib ki, ilkin müzakirələrdən əvvəl Rusiya artıq maddələrin əksəriyindən xəbərdar olub və hazırlıq prosesində iştirak edib. Lakin bəzi məsələlər, o cümlədən 800 minlik qoşun kontingentinin tərkibi və qüvvələrdə məhdudiyyətlər Rusiyanı razı salmır.
"Ukraynanın NATO üzvü olmaması ilə bağlı öhdəliklərin mətndə əks olunmaması da Moskvanın narazılığına səbəbdir. Eyni zamanda, Donbass və digər ərazilərlə bağlı detallarda Rusiya istədiyi nəticəni əldə edə bilmir."
“Rusiyanın formal geri çəkilməsi, məğlubiyyətin qəbul edilməsi anlamına gəlir. Hələ ki, Rusiya Donetsk, Luqansk, Xerson və digər əraziləri ilhaq edib, xüsusi bölgələr formalaşdırıb”, – deyə Aydın Quliyev vurğulayıb.
O əlavə edib ki, hazırkı razılaşma layihəsi Rusiyanın daxili və xarici siyasətində əhəmiyyətli təsir yarada bilər və bu səbəbdən Moskva bir çox detallara razılıq vermək istəmir.