Rusiya Prezidenti Vladimir Putinin köməkçisi və eyni zamanda Ukrayna-Rusiya danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri kimi çıxış edən Vladimir Medinskinin son bəyanatları Kremlin mövqeyini əks etdirir.
Bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev News365.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Medinskinin danışıqlarda iştirakı və verdiyi açıqlamalar onun şəxsi mövqeyi deyil, Rusiya dövlətinin rəsmi baxış bucağını əks etdirir:
“Bu, nə qədər inkar edilsə də, Medinskinin açıqlamaları Rusiyanın rəsmi mövqeyindən qaynaqlanır.”
Arzu Nağıyev vurğulayıb ki, son dövrlər Ermənistanda baş verən hadisələr, xüsusilə seçkilərlə bağlı proseslər fonunda Rusiya bölgədə daha da fəallaşıb:
“Rusiya tərəfi Ermənistanda keçiriləcək seçkilərdə olduqca maraqlıdır və bu kontekstdə bir sıra məsələləri yenidən gündəmə gətirir. Bunlardan biri qondarma Dağlıq Qarabağ məsələsidir ki, uzun illər bu kartdan istifadə olunub.
Digəri qondarma ‘erməni soyqırımı’ məsələsi, üçüncüsü isə fərqli spekulyativ məsələlərdir.”
Deputatın sözlərinə görə, Medinskinin son açıqlamalarında Ukrayna ilə bağlı ərazi mübahisələrinin guya vaxtilə Rusiyaya məxsus olduğu iddia edilir və bu kontekstdə Qarabağ məsələsinə paralel yanaşmalar aparılır:
“Medinski dolayısı ilə Qarabağın adını çəkərək həmin bölgəni yenidən mübahisəli ərazi kimi gündəmə gətirməyə çalışır. Bu isə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş yanaşmadır.”
Arzu Nağıyev əlavə edib ki, bu cür açıqlamalar Rusiyanın ATƏT-in Minsk qrupu çərçivəsindəki əvvəlki mövqeyinə qayıtmaq istəyi ilə də səsləşir.
Onun fikrincə, Azərbaycan tərəfi artıq bu platformanı qəbul etmir və öz yolunu müəyyənləşdirib.