Füzulidə şəhid olan Samir Xəlili- Yarımçıq qalan arzular, əbədi qalan qəhrəmanlıq

Füzulidə şəhid olan Samir Xəlili- Yarımçıq qalan arzular, əbədi qalan qəhrəmanlıq
17:05

Samir Əhməd oğlu Xəlili 1997-ci il sentyabrın 6-da Bakıda doğulub. Nizami rayon 62 saylı məktəb-liseydə təhsil alıb. 44 günlük Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 1-də Füzuli istiqamətində gedən ağır çarpışmada şəhadətə qovuşub.  

 

 ...Payız idi. Havada qəribə susqunluq vardı. Külək arada səngiyir, sanki insanları öz düşüncələri, xəyalları ilə baş-başa qoymaq istəyirdi. 

 


 

Avtomobildə əyləşənlərin çöhrəsindəki sevinc ilk baxışdan hiss olunurdu. Amma Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yaxınlaşdıqca Samirənin, onu magistr təhsili üçün İtaliyaya yola salmağa gedən doğmaların, xüsusən də anasının üzündəki nigarançılığın artdığını  da görməmək mümkün deyildi. Yalnız qardaşı Samir təmkinini saxlayır, yumorlu zarafatları ilə onlara bacısının təhsildə qazandığı uğurlara görə daha çox sevinməli olduqlarını deyirdi.

 Samirənin  Roma Sapienza Universitetində hüquq sahəsi üzrə magistratura pilləsində oxumaq haqqı qazanması, əlbəttə, onun həm özü, həm ailəsi üçün böyük müvəffəqiyyət sayıla bilərdi. Doğrudur, bu anlarda Samirə özünü nə qədər xoşbəxt hiss etsə də, ev üçün qəribsəyəcəyi fikri onu yolboyu rahat buraxmırdı. Ən çox da qardaşı üçün darıxacağını bilirdi. Çünki o, qardaşına çox bağlı idi. Bu istək tanıyanların çoxunun qəlbində həsədə dönürdü.

 

 

 

 

Aralarında il fərqi vardı. Samirə qardaşından bir yaş böyük idi. Amma məktəbə eyni gündə gedib, eyni partada əyləşib, eyni sinifdə oxumuşdular. Yalnız gələcək peşə seçimləri fərqli olmuşdu.  

 


 

 Samirənin qardaşı haqqında dediklərindən:


 "Nəinki o illərdə, elə indinin özündə də Samirin dəstəyini bütün varlığımla hiss edirəm. Valideynlərim öz yerində, amma qardaşıma xüsusi güvənim bir başqa olub. Bu hiss hər zaman mənə ayrıca güc verib. Xaricdə təhsilim pandemiya dövrünə düşdüyündən bəzi çətinliklərlə üzləşməli oldum. Belə vaxtlarda Samirlə danışmağım yetərli idi ki, qayğılarım azalsın. 

 Onun dedikləri hər kəlmə mənə ən gözəl təsəlli olurdu. Çətinliklərin ötüb keçəcəyinə məni inandıra bilirdi. Bəlkə də bu, hətta valideynlərimin mənə verə bilməyəcəkləri təskinlik idi. Evdə, dostları ilə, bir sözlə, kiminlə danışırdısa, çox işlətdiyi bir cümlə vardı: "Hər şey yaxşı olacaq". Ondakı bu pozitivlik, optimist fikirlər, düşünürəm ki, atamdan keçmişdi. O da həyatda hər şeyin ən yaxşısını düşünən insandı. Atam həyatda qaranlığın içində belə işığı görə bilir. Anamın göz yaşlarını görəndə həmişə deyir ki, ağlama, səbrli ol, darıxdırma özünü. Samir bizi görür, indi o, mümkün olan ən uca zirvədədir".

 Təbiətcə sakit idi. Çox həssas, incə duyumlu Samirin, bəzilərinə qəribə görünəcək xasiyyətləri də vardı.  Təriflənməyi xoşlamazdı. Hansısa nöqsanını kimlərinsə yanında deyilməsini qətiyyən qəbul etməzdi. Anası belə,sözünü ona təklikdə deyərdi. Orta təhsil aldığı məktəbin müəllimləri də etiraf edirlər ki, Samirin xasiyyətini bildiklərindən, uşaqların içində ona söz deməkdən ehtiyatlanırdılar. 

 Samir, nəinki ailənin, həm də bütün nəslin tək oğul övladı idi. Amma valideynləri heç zaman onu ərköyün böyütmədilər, başqalarından fərqləndirmədilər. Samir çətinliyin, zəhmətin nə olduğunu kiçik yaşlarından anladı. 

 

 Lumuxanım ana: "Atası fəhlə işləyirdi- maşınların yağını dəyişdirirdi. Səhhəti yerində deyildi, tez-tez ağrıyırdı. Samir bundan çox pis olurdu. Çalışırdı ona kömək etsin. Yadımdadır ki, Samir 4, ya 5-ci sinifdə oxuyurdu.  Dərslərini hazırlayan kimi atasının yanına qaçırdı. Bir dəfə pəncərədən gördüm ki, rezin əlcəkləri əllərinə geyinib, yağ dolu vedrəni çəlləyə tərəf aparır. Qıymadım. Atası axşam evə gələndə dedim ki, o uşaqdı, niyə qoyursan onu işləməyə. Dedi ki, qoy əziyyət çəkməyi kiçik yaşlarından öyrənsin. Samir atasının qayğısına çox qalırdı. Tələbə vaxtı da atasına işlərində kömək edirdi. 

 

 


 

 Yaxşılıq etməyi çox xoşlayırdı. Maşından başı çıxdığına görə qonşular bir şey oldumu, onun üstünə qaçardılar. Şəhid olandan sonra qonşuların çoxu danışırdı ki, əllərində ağır zənbil olandaSamir görən kimi zənbili əllərindən alıb mənzillərinə qədər aparardı.  

 Samirlə bacısının qəbul imtahanlarına iki gün qalmış atalarının vəziyyəti yenidən ağırlaşdı. Onu saylı şəhər klinik xəstəxanasına yerləşdirdik. Gecə idi. Dedim, Samir, get, sənin imtahanın olacaq. Dedi, yox, atamı elə vəziyyətdə, səni burda tək qoya bilmərəm. Nə qədər çalışdımsa, inadından dönmədi. İkinci gün atası öz dilindən iltizam verdi ki, xəstəxanadan çıxır. Uşaqlar qəbul imtahanına gedəcəklər, qoy fikirləri arxada qalmasın. Bu dəfə mən razı olmadım. Onu bu vəziyyətdə evə aparsam, başına bir iş gələcəyindən qorxdum. Amma fikrindən daşınmadı. 

Səhəri gün qəbul imtahanına getsələr dəbacısının da, özünün də fikri evdə- atasının yanında qaldı. Şükür ki, nigarançılıq sovuşdu. Samir də, Samirə də arzuladıqları ali təhsil müəssisəsinə qəbul oldular".  

 

Samir Xəlili 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub. Su mühəndisliyi üzrə aldığı təhsilini 2018-ci ildə tamamladıqdan qısa müddət sonra hərbi xidmətə yollanıb.

 

 Samir Azərbaycan Memarlıq və İnşaat Universitetinə ödənişli əsaslarla qəbul olunmuşdu. Amma çalışqanlığı sayəsində sonuncu kursda təqaüd almağa müvəffəq olur. Anası həmin təqaüdü toplayıbona bir hədiyyə alır- nişan üzüyü. 

 

 Lumuxanım ana: "Bütün analar kimimən də o günün arzusunda idim. Görünür, qismət deyilmiş. Həmin üzük Samirin mənə qalan əziz xatirəsidir. üzük indi bacısındadır- dünyaya göz açan övladına hədiyyə etdim- oğlumun bu xatirəsini balaca Samirin timsalında yaşatmaq istədim. 

Samir Hərbi Memorial Məzarlıqda dəfn olunanda universitetdə ona dərs deyən müəllimləri də gəlmişdilər. Deyirdilər ki, tələbə yoldaşlarından çox seçilirdi. Olduqca mədəni, tərbiyəli, ağıllı oğlan idi. Onunla bir qrupda oxumuş qızlar da Samirin müsbət xarakterindən ürəkdolusu danışırdılar".  

 

 

 

     

 

 


 Universiteti bitirən Samir Xəlili gözündən əməliyyat olunduğu üçün ona 6 aylıq möhlət hüququ verilir. Amma o, dəfələrlə hərbi komissarlığa müraciət edərək, hərbi xidmətə getmək istədiyini bildirirNəhayət, vaxtından əvvəl hərbi xidmətə getməyə nail olur.

 Lumuxanım ana oğlunun "Əsgəri andiçmə" mərasiminə qürurla, iftixar hissilə getmişdi. Samir də həmin gün çağırışçı yoldaşları ilə birlikdə dövlət və xalq qarşısında Vətənə sadiq olacağına, silahı və vətəni son nəfəsinədək qoruyacağına, komandirlərin əmrlərinə tabe olacağına təntənəli şəkildə söz verdi. 



 

 Çətin coğrafi şəraitdə vəzifəsinin öhdəsindən məharətlə gələn Samir Xəlili hərbi hissə rəhbərliyinin "Təşəkkürnamə"sinə layiq görülür. O, 2019-cu il oktyabrın 2-də hərbi xidmətdən tərxis olunur.

 2020-ci il sentyabr ayında qismən səfərbərlik çərçivəsində hərbi təlimlərə cəlb edilir. Valideynlərilə zəngləşəndə hər şeyin yaxşı olduğunu,  5-10 günə evə qayıdacağını deyir. 

 Artıq müharibə başlamışdı. Samirin belə tezliklə qayıdacağına kimsə inanmdı. Valideynləri ona özündən muğayat olmağı tapşırırdılar. 


 

Lumuxanım ana: "Axırınci dəfə Samirlə danışanda 2020-ci il sentyabrın 30-u idi. Telefonda eşidirdim ki, orda səslər gəlir, ad-soyadlar çəkilir. Dedi ki, narahat olma, bizim telefonları yığırlar. Ola bilsin ki, bir-iki gün zəng vura bilmədim. Narahat olmayın. Sən demə, onları sıraya düzüb, cəbhənin ön xəttinə göndərirlərmiş".

 

 


 Samir Xəlili müharibənin ilk günündən ağır döyüşlərdə iştirak edir. İki dəfə möcüzə sayəsində sağ qalır. O, bundan sarsılmır. Əksinə, torpaqlarımızı düşmən işğalından azad etmək üçün daha cəsarətlə döyüşlərə atılır. Tale elə gətirir ki, cəbhədə keçmiş komandiri ilə rastlaşır. O, Samirə sürücülük təklifi etsə də, razı olmur, silahını göstərib,- düşmənə qarşı vuruşacağını deyir. 

 Samir iştirak edəcəyi sonuncu hərbi əməliyyat ərəfəsində qapıbir qonşu olan dostuna zəng vurur, adaşı ilə danışır. Deyir ki, telefonum evdədi, onun parolunu yadında saxla, birdən lazım olar. Son sözü də o olur ki, iki günə gələcəm. 

 

 Dörudan da iki gün sonra...

 

 ...Anası həmin gecə çox qarışıq yuxu görür. Səhər qalxb işə gedəndə nə qədər çalışsa da özünü ələ ala bilmir. Çatanda iş yoldaşı təəccüb içində qalır. Bir yerdə çalışdıqları 30 ildə ilk dəfə idi onu belə üzgün, məyus halda görürdü. Ananın ürəyinə daman qara xəbər artıq yolda idi.   

 Lumuxanım ana: "...Mən həmin gün işdə idim. Heç kim ürək edib mənə zəng vurub deməmişdi. Həmin vaxt 82 yaşlı atam sağ idi, səhhətində problem olduğundan evdə ona mən baxırdım. Atam zəng vurdu. Dedi ki, yoldaşına nə isə olub, tez gəl. Ağlıma başqa heç nə gəlmədi. Çünki gerçəkdən də yoldaşımın sağlamlığı yerində deyildi, tez-tez təcili yardım çağırmalı olurduq. Başımı qaldırdım ki, qonşu Ceyhun yanımda dayanıb. Dedim, Ceyhun, bala, sən burda nə gəzirsən? Dedi ki, Əhməd əmimin vəziyyəti pisdir, sizin dalınızca gəlmişəm.

Evə çatanda gördüm ki, binanın qarşısına çoxlu adam yığışıb. Hər şey mənə aydın oldu. Dünya gözümdə qaraldı. Məni sakitləşdirmək üçün dedilər ki, bir az səbrli ol, şəhid olan bəlkə də başqa Samirdi. Oxşar ad, soyadlar çox olur. Dedim,- yox,  mən başqa Samirin anasına qıymaram, o, elə mənim Samirimdir gedin, gətirin". 

 Bacısı Samirə xatırlayır: " Samir cəbhədə döyüşdə olanda atamla əlaqə saxlayıb, vəziyyəti onula bölüşürmüş. Deyirmiş ki, ordumuz öz sözünü deyir. Hər şey yaxşı olacaq. Ancaq xoş xəbərlər eşidəcəksiniz. Doğrudan da, Silahlı Qüvvələrimizin qələbə müjdələri ilə hər gün bizi sevindirirdi. 

Çox təəssüf ki, qardaşımın vaxtı çatmadı o gözəl xəbərləri axıra kimi eşitməyə. Amma qürurluyam ki, Böyük Zəfəri xalqımıza bəxş edənlərin sırasında mənim qardaşım Samir Əhməd oğlu Xəlili də var".  

 

Samir Əhməd oğlu Xəlili 01.10.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb

 

Samirin şəhid olduğu yeri hələ görməyib Lumuxanım ana. Könüllü cəmiyyətlərdən birinin təşəbbüsü və təşkilatçılığı ilə Qarabağda heç vaxt olmayan şəhid analarının bir qrupu ilə Şuşanın, Xankəndinin görüşünə gedib. Uzun illərin yurd həsrətini, torpaq nisgilini ovundurmağa çalışıb.

 Bu yerlərin hər qarışında qəhrəman övladlarımızın nişanələrini soraqlayıb. Füzuliyə- tək oğul övladının şəhidliyə qovuşduğu yerə getsə, görəsən hansı hisslər keçirərdi

 

 

 Lumuxanım ana: "Heç bilmirəm ora getmək istəyərəm, ya yox. Getsəm, hansı hissləri keçirərəm, onu da deyə bilmərəm. Mənə elə gəlir ki, Samirin şəhid olduğu yeri görsəm, ürəyim tab gətirməz. Bəlkə də torpağını öpərəm ki, oğlumun qanı tökülüb bu yerə. 

 Samirin bizə qoyduğu ən böyük xatirə onun uca ŞƏHİD adıdır, Hərbi Memorial Məzarlıqdakı son mənzili, ölümündən sonra layiq görüldüyü "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görəordenidir”.

 

    Nazim Əlifov 

 

 


Sizin reklam burada
Sizin reklam burada